×
A
A
A
Sazlamalar

Ordumuzun peşəkar hərbçiləri ayıq-sayıq olduqlarını Novruz bayramında bir daha sübut etdilər - Şərh

Bakı, 21 mart, AZƏRTAC

Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində erməni tərəfin təxribata əl atması, atəşkəsi pozması təəssüf doğurur. Bu, erməni xislətinin növbəti təzahürüdür. Görünür ki, onlar düşmənçilik niyyətindən əl çəkməyiblər. Biz dəmir yumruğu həmişə hazır saxlamalıyıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, bu əziz bayramda da atəşkəsin pozulması bunun daha bir sübutudur. Digər tərəfdən əgər biz işğal dövründən indiyədək baş verən hadisələrə nəzər salsaq, bütün bayramlarda atəşkəsin həmişə ermənilər tərəfindən pozulduğunu görərik. Eyni zamanda, əgər nəzərə alsaq ki, Ermənistanın və Rusiyanın xarici işlər nazirləri görüşməli idilər, işğal dövründən bəri bütün danışıqlar ərəfəsində və zamanı Ermənistan tərəfi həmişə təxribat törədib və atəşkəsi pozub.
Onun sözlərinə görə, həm Moskvada danışıqların fonunda, həm də Novruz bayramı ərəfəsində erməni tərəfinin təxribata əl atması gözlənilən idi. Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin peşəkar hərbçiləri bir daha ayıq-sayıq olduqlarını sübut etdilər. Gecə vaxtı məhdud görmə şəraitində təxribata adekvat cavab verərək atəşkəsin pozulduğu istiqaməti neytrallaşdırdılar və susdurdular. Sərhəddə əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.
“Çoxdandır cənub istiqamətində - Zəngilanda atəşkəs pozulmurdu. Son zamanlar İranla Azərbaycan arasında müəyyən soyuqluğun yaranması çərçivəsində mən istisna etmirəm ki, ermənilər atəşkəsi məhz İran sərhədinə yaxın ərazilərdən pozublar və müəyyən şəkildə bunu İran amilinə bağlayaraq öz çirkin əməllərini təmin etmək məqsədi güdüblər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan həmişə olduğu kimi, yenə də dövlət sərhədinin qorunması ilə bağlı qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirdi”, - deyə hərbi ekspert qeyd edib.
Şair Ramaldanov bildirib ki, bundan əlavə, heç kimlə razılaşdırılmayan Avropanın missiyasının statusu məlum deyil. Ancaq birinci missiya yerləşdiriləndə Azərbaycan tərəfi bildirmişdi ki, onun bölgəyə gəlməsi vəziyyəti sabitləşdirməyə yox, daha da gərginləşdirməyə gətirib çıxaracaq. Çünki Avropa missiyasının Ermənistan ərazisində peyda olması, ilk növbədə, Avropanın bölgəyə yeni oyunçuları gətirməsi deməkdir. Onlar burada öz çirkin məqsədlərini həyata keçirmələri üçün missiya şəklində fəallıq göstərirlər. O cümlədən birinci missiya zamanı atəşkəsin pozulması halları çoxaldı. İkinci missiyada iştirak edənlərin yarısı silahlıdır. Ümumiyyətlə, anlamaq olmur ki, bu missiyadakı şəxslər niyə silahlıdırlar. Yeni missiyaya heç də sülh prosesinə töhfə kimi yox, burada vəziyyətin gərginləşməsinə xidmət edən amil kimi baxmaq lazımdır.
Hərbi ekspertin sözlərinə görə, əgər missiya bölgədə yerləşibsə və onun məqsədi buraya yeni oyunçular gətirməkdirsə, bu, Avropanın, xüsusilə Fransanın maraqlarına xidmət edir. Belə olan halda, gələcəkdə Avropanın bölgəyə yeni oyunçu kimi gətirilməsi üçün şərait yaradılır. Buna görə də, əlbəttə, atəşkəs pozulur, vəziyyət gərginləşdirilir, təxribatlar törədilir. Həmçinin Avropada regionla bağlı, həmçinin Azərbaycanın maraqlarına uyğun olmayacaq hansısa qərarların çıxarılacağı istisna edilməməlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Talış kəndində çıxışı zamanı bu missiya ilə bağlı fikrini bir daha söyləyib, yeni vasitəçilərə burada ehtiyacın olmadığını vurğuladı. Çünki imzalanmış üçtərəfli Bəyanat var, buna əsasən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Hazırda həmin sənədin tələblərini yerinə yetirmək istiqamətində işlər aparılır. Prezident İlham Əliyevin dediyi kimi, biz istəmirik ki, bu bəndlərin yerinə yetirilməsinə başqa yolla nail olaq. Ancaq 30 il gözləyib görmüşük ki, Ermənistan konstruktiv mövqe tutmur. Belə davam etsə, bu, Ermənistan tərəfinin sülhdən qaçması kimi qiymətləndiriləcək. Bu halda üçtərəfli Bəyanatın yerinə yetirilməsinə mane olan amillər daha da çoxalacaq. Bu halda Azərbaycan öz haqq işini - məhz hüquqi sənəd əsasında lazımi olsa, dəmir yumruğu işə salaraq o Bəyanatın bəndlərinin tələblərini yerinə yetirəcək. Necə ki, BMT-nin dörd qətnaməsini 30 ildən sonra Azərbaycan dəmir yumruğu ilə icra etdi. Azərbaycanın böyük xalq, dövlət olduğunu və öz torpaqlarını heç kimə güzəştə getmədiyini və ya işğal altında qoymayacağını dünyaya sübut etdi. İstər Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisində, istər də sərhəddə qanunsuz silahlı erməni birləşmələrinin yeni təxribatlar törədəcəyini istisna etmirik, bu isə gələcəkdə ölkəmizi adekvat addımlar atmağa məcbur edəcək.

Siyasət 2023-03-21 05:39:00