×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidentinin və birinci xanımın azad edilmiş ərazilərə səfərləri Böyük Qayıdışın tam başa çatacağı günü yaxınlaşdırır

Bakı, 20 mart, AZƏRTAC

Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı bildirilərək, belə bir əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan torpaqlarımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur cənnət məkana çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının böyük rəmzi mənası var. Möhtərəm Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da bütün sahələr və istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında deyib.
V.Rəhimzadə bildirib: “Çoxəsrlik tariximizin parlaq səhifəsi kimi dəyərləndirilən şanlı Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü daha da yaxınlaşdırır. Erməni tapdağından 2020-ci il oktyabrın 3-də azad edilən Talış kəndində qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işləri göz önündədir. Kənddə fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə tanışlıq zamanı dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Bu kəndə ümumilikdə 180-ə yaxın ailənin qayıtması nəzərdə tutulub. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Talış kəndində görülən işlərlə, Suqovuşan su anbarının və magistral su kanalının əsaslı təmiri, həmçinin turizm obyektlərinin tikintisi ilə tanış oldular, Suqovuşan qəsəbəsində yeni inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etdilər”.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlətimizin başçısı 2021-ci ildə Novruz tonqalını işğaldan azad edilmiş Şuşada, ötən il Suqovuşan qəsəbəsində, bu il isə Talış kəndində alovlandırdı. Bu, xalqımız üçün böyük xoşbəxtlikdir. Xalqımız bu sevincli anları 30 illik işğal dövründə səbirsizliklə gözlədi və bu unudulmaz anları yaşayacağına əmin idi. Prezident daim bəyanatlarında bildirirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Müzəffər Ali Baş Komandan Novruz bayramı münasibətilə Talış kəndindən Azərbaycan xalqına müraciətində də işğal dövrünün reallıqlarını diqqətə çatdıraraq bəyan etdi ki, bunları unutmuruq və unutmayacağıq. Ermənistan və ona havadarlıq edən dövlətlərin, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in artıq tarixin arxivinə göndərilmiş Minsk qrupunun həmsədr ölkələrinin məqsədi problemi həll etmək yox, dondurmaq idi. İşğalçı ölkənin baş naziri “Qarabağ Ermənistandır və nöqtə” fikirlərini səsləndirib Azərbaycan xalqının haqlı hüququnu əlindən almaq istəyəndə təcavüzkarın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupunun həmsədri olan dövlətlər bu bəyanata heç bir reaksiya vermədilər. Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra da ölkəmizə qarşı saysız-hesabsız ədalətsiz addımlar atıldı, çirkin əməllər törədildi və çox təəssüflər olsun ki, bu iyrənc proses bəzi hallarda davam etməkdədir.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Talış kəndinə səfəri zamanı xalqa müraciəti Ermənistana və ona havadarlıq edən ölkələrə mesajlarla zəngindir. Bu günümüzün əsas çağırışı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Onlar yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Əgər sülh müqaviləsi Ermənistana lazım deyilsə, bizə də lazım deyil.
“Ermənistanın və havadarlarının 30 illik işğal dövründə yaşadıqları xəyallara, yaratdıqları miflərə 44 günlük İkinci Qarabağ müharibəsində son qoyuldu. Ermənistan diz çökdürüldü. İşğalçı dövlət bundan dərs alıb ona yaradılan son şans barədə düşünmək əvəzinə bu gün yeni ağa axtarışındadır. Dövlətimizin başçısı İlham Əliyevin “Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək” bəyanatı Ermənistana və havadarlarına ciddi mesajdır. Ümumiyyətlə, Müzəffər Ali Baş Komandanın hər bir çıxışının, müraciətinin sonunda qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” çağırışı özündə bütün məqamları ehtiva edir”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Siyasət 2023-03-20 20:55:00