×
A
A
A
Sazlamalar

Pandemiyadan sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb

Bakı, 20 mart, AZƏRTAC

COVID-19 pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, martın 18-də 473 reyslə 15 min 240 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. AYNA vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində sərnişinlərin sayı adi günlərlə müqayisədə 4 dəfə daha çox olub. Həmçinin belə yüksək göstərici qanunsuz sərnişindaşıma ilə mübarizə tədbirlərinin səmərəli olması nəticəsində əldə edilib.
Ölkəmizdə qeyri-qanuni sərnişindaşıma ilə bağlı aparılan effektiv mübarizə sərnişindaşımaya öz töhfəsini verir və avtovağzal xidmətlərinə etimadı artırır. Bu etimadı doğrultmaq və keyfiyyətli xidmətlə bağlı BBAK-da bütün gücünü səfərbər edib.
Qeyd edək ki, AYNA-nın tapşırığına əsasən, bütün avtovağzal və avtostansiyalar əhalini davamlı və keyfiyyətli şəkildə sərnişindaşıma xidməti ilə təmin etmək üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. BBAK bayram günlərində sərnişin sıxlığını qarşılamaq üçün əlavə nəqliyyat vasitələrini sərnişindaşımaya cəlb edib və bu proses tələbata uyğun şəkildə davam edəcək. Sərnişinlərin əksəriyyəti biletləri onlayn qaydada və qabaqcadan satış kassalarından "Biletim.az" portalından və “biletim” mobil tətbiqindən əldə ediblər. Daha bir üstünlük: rayonlara səfər edən vətəndaşlar artıq 20 istiqamət üzrə geri dönüş biletini də onlayn qaydada "Biletim.az" portalından və tətbiqindən əldə edə bilər.

İqtisadiyyat 2023-03-20 13:02:00