×
A
A
A
Sazlamalar

Novruz bayramı: qadağalar və zərbələr

Bakı, 20 mart, AZƏRTAC

Hər bir xalqın milli bayramı onun milli varlığını, bütövlüyünü, mütəşəkkilliyini göstərir. Mifoloji və gerçək təfəkkürdə (bir) il adlı zaman vahidi özünəməxsus əlamətləri baxımından ayrı-ayrı zaman intervallarına hesablanan dövri və qapalı təkrarlanan bayram günləri ilə müşayiət olunur. Hər bir etnos, xalq, millət özünün bir toplum, cəmiyyət olaraq dünyabaxışının, həyat-məişət tərzinin ifadəçisi olaraq belə günləri müqəddəsləşdirir, bayram edir. Xalqımızın milli-etnik kimliyinin əsas göstəricilərindən biri də il dəyişməsi ilə müşayiət olunan Novruz bayramıdır. Bu bayram xalqımızın milli ruhunun, yaşamının təcəssümüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Novruz bayramı: qadağalar və zərbələr” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Bir xalqı, bir milləti mənəvi olaraq məhv etməyin bir yolu da onun bayramlarına edilən təcavüzdür. “Xalqımızın XIX yüzillikdəki Türkmənçay tarixi faciəsindən sonra imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşdan silib ilhaq etdikləri ərazilərdə yeni-yeni bayramları dəbə mindirməklə onu gözdən salmağa, xalq içərisində unutdurmağa böyük ciddi-cəhd göstərirdilər. Təəssüf ki, bu ənənə sovetlər dönəmində daha ağrılı şəkildə davam etdirildi. Novruzun milli bayram kimi keçirilməsi üzərinə daha ciddi qadağalar qoyuldu, o, dini bayram hesab edilərək dövlət tərəfindən gözdən salındı. Ötən əsrin 60-cı illərindən ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman qadağalar da yavaş-yavaş səngidi. İnzibati-idarə aparatının yüksək vəzifələrinə milli kadrlar gəldikcə onlar fürsət düşdükcə milli dəyərlərin dirçəldilməsinə öz dəstəklərini verməyə başladılar. 1966-cı ilin əvvəllərində dövlət əhəmiyyətli yüksək vəzifəyə yenicə irəli çəkilən Ulu Öndər Heydər Əliyev yaranmış vəziyyətdən istifadə edərək Novruz bayramının Bakıda təntənəli şəkildə keçirilməsinə öz ilk töhfəsini verə bildi. Bu vaxt belə bir şərait yaranmışdı: keçmiş SSRİ ilə Türkiyə arasındakı münasibətlərdə bir istiləşmə başlamışdı. Ölkənin baş naziri A.Kosıginin Türkiyəyə rəsmi səfəri planlaşdırılmışdı. Bu münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verən dövlət ideoloqları türkdilli sovet respublikalarının birində türklərlə çox səmimi münasibətlərin mövcud olduğunu nümayiş etdirmək üçün Novruz bayramını təntənəli şəkildə təşkil etməyi planlaşdırmışdılar. Səfərin hazırlıq mərhələsində Türkiyə Respublikasının Prezidenti və Baş nazirinin də Sovetlər ölkəsinə səfəri gündəmə gəldi. Özbəkistanda qeyd edilməsi nəzərdə tutulmuş Novruz bayramının Bakıda keçirilməsi qərarlaşdırıldı.
Bu təklifə Türkiyə tərəfi böyük dəstək versə də, onun reallaşması Azərbaycan rəhbərliyinin, xüsusən tədbirin keçirilməsinin tam təhlükəsizliyinə təminat verən Heydər Əliyevin böyük səyi nəticəsində mümkün oldu. Az sonra Azərbaycanda, xüsusən Bakıda Novruz bayramının keçirilməsinə böyük hazırlıq işləri başladı. Hazırlıq işlərinə və bayramın keçirilməsinə rəhbərlik xalqımızın görkəmli ziyalısı və Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi Şıxəli Qurbanova tapşırıldı. “Bahar bayramı” adlı ilə keçirilən Novruz bir çox məhrumiyyətlərə məruz qalsa da, o il Azərbaycanda təntənəli şəkildə qeyd edildi. Bu da o vaxt SSRİ Ali Soveti Rəyasəti Heyətinin sədri işləyən A.Mikoyanın və onun əlaltılarının böyük qəzəbinə səbəb oldu. Erməni separatçılarının liderləri Levon Şaumyan, Mariyetta Şaginyan, Sero Xanzadyan və onlarla başqalarının imzası ilə Kremlə məktublar axını başladı. Bu məktublarda sovet rəhbərlərinə Azərbaycanda dini bayramın bərpa edilməsi və bu ad altında geniş antisovet kampaniya aparılması barədə böhtanlar başlıca yer tutur, Azərbaycan rəhbərliyinin cəzalandırılması tələb edilirdi. Doğrudur, bayramın qadağası ilə bağlı Moskva rəsmi sənəd imzalamadı, ancaq Novruzun adının çəkilməsi yenidən yasaqlandı, bu barədə təbliğat və tədqiqat işləri üzərinə yenidən ciddi senzura nəzarəti qoyuldu. Azərbaycanda Novruzun bayram edilməsi yenidən qapandı. Novruz üzərindən qadağaların götürülməsindən xeyli sonra daha bir təşəbbüs edildi. Akademik Mirzə İbrahimovun yazdığı kimi, “Azərbaycan Kommunist Partiyasının 1988-cı ilin noyabrında bu bayram üzərindəki qadağaları silib atmasını xalq böyük fərəh və ruh yüksəkliyi ilə qarşıladı...” (bax: Novruz, toplu, Bakı, Yazıçı, 1989). Ancaq bu qərar kağız üzərində qaldı. Novruzun yenə ümumxalq bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi baş tutmadı. Bir toplu nəşr edilməklə, bir neçə məqalə yazılmaqla iş bitmiş hesab edildi. 1990-cı ildəki Qanlı Yanvar hadisələri zamanı hökumət “matəm günlərində” bayram keçirmək olmaz” deyərək Novruzun üzərinə yeni yasaqlar qoydu. Ancaq mart günlərində akademik Fuad Qasımzadə Dövlət Televiziyasında, – “Xalqı yasda saxlamaq olmaz, Novruz xalqı daha sıx birləşdirər”, – deyərək bayram nəşrləri üzərinə qoyulmuş qadağaları ləğv etməyə çağırdı, ilk dəfə olaraq televiziya efirində “İlaxır çərşənbələr” barədə silsilə verilişlərlə çıxış edib xalqı öz milli dəyərlərini qoruyub saxlamağa çağırdı.
1992-cı ildə bayramın tarixini, adət-ənənələrini əks etdirən “Novruz bayramı” adlı yeni suvenir əsər çap edildi (bax: Novruz bayramı, Bakı, “Yazıçı” nəşriyyatı, 1992). Ölkəmizdə xalqın böyük ruh yüksəkliyi ilə öz milli dəyərlərini yaddaşa qaytarmasının yeni mərhələsi başladı.
Fərəhli haldır ki, cəmiyyətimiz dədə-babadan miras qalmış Novruz əxlaqi dəyərlərini bu gün də yaşadıb davam və inkişaf etdirməkdədir. ...1993-cü ildə Novruz bayramı Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə ümumxalq bayramı elan edilmiş, onun üzərindən bütün qadağalar birdəfəlik götürülmüş, xalq Novruzu hər yerdə özünün böyük milli bayramı kimi kütləvi şənliklərlə qeyd etməyə başlamış, Novruz beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək dünyaya sürətlə yayılmağa başlamışdır.
Təbii ki, yüzilliklər ərzində böyük Novruz heç də həmişə birmənalı münasibətlə üzləşməmişdir. Onu qəbul edən tayfaların bir sıra yaz mərasimlərinin və regional bayramlarının Novruzla çarpazlaşma prosesi də baş vermiş, müəyyən tayfalar içərisində bayram özünün folklorlaşma həyatını da yaşamışdır. Türk tayfaları içərisində isə bu proses nisbətən daha güclü olmuşdur. Ayrı-ayrı tayfaların bir sıra kiçik, xırda İlaxır, İlbaşı mərasimləri Novruzla çarpazlaşmış, müxtəlif soylar içərisində isə onlar bəzən öz əski qəliblərini də qoruyub saxlaya bilmişdir. İslamı qəbul etməmiş qaqauzlar, tuvinlər, xakaslar və başqa tayfa və soylar içərisində isə belə folklorlaşma daha rəngarəng olmuşdur. Folklorlaşma bayramın bir sıra mərasimləri kimi hətta onun dörd müqəddəs çərşənbəsinin sıra düzümündən və adlarının təhrifindən də yan keçməmişdir.
Bayramı tam formatda keçirməyə imkanı olmayan, oturaq həyata qismən gec keçmiş, eləcə də Azərbaycan ərazisinə sonralar gəlmiş bir sıra tayfalar – tərəkəmələr, padarlar, azsaylı qonşu soylar içərisində daha fəal halda baş vermiş bu folklorlaşma nəticəsində otuz günlük Boz ay içərisində hər biri yeddi gündən ibarət dörd çərşənbənin sayı yeddiyə, bəzən də doqquza çatdırılmış, yaxud onların yalançı çərşənbə, kül çərşənbə, qara, ölülər çərşənbəsi və sair kimi məhəlli adlarla əlaqələndirilməsinə təşəbbüslər edilmişdir. Bununla da, Novruzu söykəndiyi dörd bəşəri kökdən - çərşənbələrdən məhrum edərək bayramı bayağılaşdırmağa, onu dünyanın yaz bayramları silsiləsindən ayırıb kiçiltməyə, ona İlaxır, İlbaşı kimi adlar verməklə Novruzu bir ulusda, soyda, obada keçirilən məhəlli bayram səviyyəsinə endirməyə cəhdlər göstərmişlər. Təəssüf ki, Novruzu təhrif edən belə yabançı hallara bu günün özündə də bir sıra mətbuat səhifələrində, radio və televiziya efirlərində, üzdəniraq kitab səhifələrində təsadüf olunur”.
AMEA-nın müxbir üzvü, mərhum professor Azad Nəbiyevin “Novruz sülh, dostluq və humanizm bayramıdır” adlı etnoqrafik oçerkindən geniş şəkildə gətirdiyim yuxarıdakı sitat bizi ayıq salmağa bir çağırışdır. Bu fikirlər sadəcə tarixi hadisələri xatırlatma deyil, eyni zamanda, bir folklorşünasın həyəcan səsi və xəbərdarlığıdır. Burada bir tərəfdən sovet siyasi rejiminin Novruz bayramı üzərində qoyduğu qadağadan söhbət açılır, bir tərəfdən bu rejimə havadarlıq edən tarixi düşmənlərimiz olan ermənilərin Novruz bayramına qarşı düşmənçiliyi ilə milli düşmənçiliklərini apardıqları diqqətə çatdırılırsa, digər tərəfdən də öz içərimizdən bilərəkdən və ya bilməyərəkdən Novruz bayramına vurulan zərərdən bəhs olunur.
Bununla folklorşünas alim xəbərdarlıq edir ki, Novruz bayramı ilə bağlı mətbuat səhifələrində, radio və televiziyalarda mütəxəssis fikri səsləndirilməlidir, folklorumuzun biliciləri bu haqda mülahizələrini bildirməlidirlər. Əks halda görkəmli alimin dediyi kimi, “Novruzu təhrif edən yabançı hallarla bu günün özündə də rastlaşacağıq”. Xalqın milli varlığının təcəssümü olan Novruz bayramı haqqında yanlış çıxışlar etməyin özü də milli dəyərlərimizə vurulan zərbə hesab olunmalıdır. Hər bir halda xalqın milli-mənəvi həyatının ifadəsi olan müqəddəs dəyərlər barədə, eləcə də bunun bariz nümunəsi kimi Novruz bayramı haqqında peşəkar mütəxəssis, görkəmli folklorşünas rəyi əsas götürülməli, hər təsadüfi adamın, qeyri-peşəkar şəxsin fikirləri ictimai dairələrə ayaq açmamalıdır. Əks təqdirdə yanlışlıqlar baş alıb gedər, yalanla həqiqət arasında çaşıb qalarıq.
Novruz bayramına qoyulan qadağalar tarixin müxtəlif dövrlərində xalqımıza qarşı aparılan siyasi-ideoloji zorakılıqlar idi. Belə ki, xalqın milli bayramına yasaq qoyulması əslində xalqın milli heysiyyətinə, milli şüuruna qarşı aparılan siyasi düşmənçilik demək idi. Novruz bayramına vurulan zərbələr isə həm bu cür vasitələrlə xarici düşmənlərimizdən gəlib, həm də bilərəkdən və ya bilməzlikdən daxilimizdən baş alıb gəlib. Bunun da bir sıra səbəbləri vardır.
Birincisi. Təəssüflər olsun ki, bəzən folklorşünaslarımız da bayramın daxili məna qatlarına enə bilmədiklərindən, onun üzdən görünən cəhətlərinə müasir dövrün gözü ilə yanaşıb yanlış düşüncədə olmuşlar və nəticədə düzgün olmayan fikirlər söyləmişlər. Halbuki Novruzun səsi–sorağı tarixin arxaik zamanlarından gəlir və özündə mifik dünyagörüşün əlamətlərini yaşadır. Buna görə də Novruz bayramında müşahidə olunan bir sıra qeyri-adiliklərə müasir dondan yanaşmaq səhvdir və bu xüsusda səhv, qeyri-elmi münasibət sərgiləmək özü də bayramın mahiyyətinə kölgə salmaqla ona istər-istəməz ciddi zərbələr vurur, ictimai dairədə çaşqınlıqlara yol açır.
İkincisi. Müstəqillik dövründə söz-mətbuat, ekran-efir azadlığından istifadə (əslində sui-istifadə) etməklə qeyri-peşəkarlar, folklorşünas olmayanlar da Novruz bayramı haqqında danışır, yazır, müsahibələr verirlər ki, yenə də Novruz bayramının əsl mahiyyəti kölgədə qalır və bu yöndən də yanlışlıqlar cəmiyyətə ayaq açır. Yenə də qeyri-obyektiv münasibətin fonunda son nəticədə zərbə Novruza dəyir. Yəni mahiyyət kölgədə qaldığından, bayağı və bəsit düşüncə cəmiyyətə təqdim olunur və ictimaiyyətdə fikir çaşqınlığı yaradır.
Üçüncüsü. Novruz hamımızın bayramıdır. Buna görə də hamımız Novruzun içindəyik və onu hər il böyük təntənə ilə bayram edirik. Novruzun xoş ovqatı bizim həyatımıza, məişətimizə, bir sözlə, mənəvi dünyamıza köçdüyündən, Novruz bayramı da (öz sevinci, coşqusu ilə) bizim içimizdədir. Yəni biz Novruzla iç-içəyik, Novruz bizim içimizdədir, biz də Novruzun içində. Məhz bu səbəbdən də hər kəs Novruz bayramı ilə bağlı zəngin xoş təəssürata malikdir. Bu amil hər bir adamı Novruzla bağlı danışmağa, yazmağa, müsahibə verməyə sövq edə bilər. Ancaq bu məsələ hər bir sıravi vətəndaşın Novruz bayramı ilə bağlı hər hansı illüzial fikir səsləndirməsinə, yanlış mülahizələr yürütməsinə haqq vermir. İnformasiya vermək olar, Novruzu bir fərd, toplum olaraq necə keçirmələri haqda məlumat vermək olar (əslində belə olmalıdır!). Folklorşünaslar isə eşitdikləri bu folklor materialı – söylənilən informasiya üzərində müşahidə və təhlillər aparmaqla mütəxəssis rəyi bildirməlidirlər. Təəssüf ki, belə olmur və nəticədə Novruzun mahiyyətini bilmədən onun haqqında yanlış mülahizələr söylənilir. Bu isə Novruz bayramına vurulan bir zərbə olur. Yenə təkrar deyirəm: Novruz bayramı zəngin adət-ənənələrlə keçirilir və xalqımızın hər bir nümayəndəsi bu mərasimi necə qarşıladığını, bayram etdiyini danışmağa borcludur. Amma bu informasiyanın zəminində bayramın ritual-mifoloji köklərini araşdırıb mülahizə yürütmək artıq bu sahənin araşdırıcıları olan elm adamlarının işidir. Hər kəs öz vəzifəsini bilsə, informator eşidib gördüyünü danışsa, folklorşünaslar da bu informasiyanın işığı ilə gedib tədqiqatlarını aparsalar, onda doğru-dürüst nəticələr əldə olunar, bayramımızı da yabançı zərbələrdən qoruyarıq.

Elm və təhsil 2023-03-20 10:30:00