×
A
A
A
Sazlamalar

Gün ərzində Laçın-Xankəndi yolunda nələr baş verib?

Şuşa, 19 mart, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllülərin, ekofəalların və gənclərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri etiraz aksiyası gecə saatlarında da davam edir. Etirazçıların davamlı haqlı tələbləri onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandırmaq iqtidarında deyil.
AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
Etirazçılar hər zaman olduğu kimi, bu gün də humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Gün ərzində yoldan yalnız Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillər keçib. Həmin nəqliyyat vasitələri arasında təminat-təchizat, tibbi yardım və minik avtomobilləri olub.
Bir daha xatırladaq ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə yatratmırlar. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin dezinformasiyasından başqa bir şey deyil.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.
Gün ərzində hava buludlu keçib, Şuşada fasilələrlə yağış yağıb. Bütün bunlara baxmayaraq, ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdiriblər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Siyasət 2023-03-19 21:55:00