×
A
A
A
Sazlamalar

Novruz bayramı ilə əlaqədar paytaxtımız müxtəlif bayram atributları ilə bəzədilib – FOTOREPORTAJ

Bakı, 19 mart, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar paytaxt Bakı bayramsayağı bəzədilib.
AZƏRTAC xəbər verir ki, hazırlıq çərçivəsində paytaxtın müxtəlif məkanlarında - Dənizkənarı Milli Parkda, Qız Qalası ətrafında, İçərişəhərdə, Azneft dairəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi və digər yerlərdə dekorativ işləri görülüb.

Xalqımızın ən əziz bayramlarından olan Novruzla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturları paytaxtda müvafiq tədbirlər həyata keçirib. İlk növbədə, şəhərin bəzədilməsi, insanlarda bayram əhvali-ruhiyyəsi yaradılması məqsədilə paytaxtda genişmiqyaslı təmizlik işləri aparılıb, ümumşəhər iməcilikləri təşkil olunub. Şəhərin mərkəzi küçələri, rayonlarda bəzi küçələr müxtəlif bayram atributları ilə bəzədilib. Rəngarəng işıqlandırmalar hazırlanıb.


Park və yaşıllıq sahələrində, abad məhəllələrdə yaşıllıqlara qulluq edilib, ağaclar budanıb, yeni güllər və kollar əkilib. Parklardakı idman və uşaq-əyləncə qurğularına, oturacaqlara baxış keçirilib, təmirə ehtiyacı olanlar qaydaya salınıb. Parklarda, küçələrdə al-əlvan güllərdən ibarət kompozisiyalar yaradılıb.
İctimai iaşə və xidmət obyektlərinin vitrinləri, köşk və dayanacaqlar, elektrik dirəkləri yuyulub, ətrafı təmizlənib və bayram atributları ilə bəzədilib. Obyektləri qarşısına yeni gül dibçəkləri düzülüb, əvvəllər qoyulan dibçəklərdəki güllər yenilənib.


İnsanların ən sıx toplaşma yerləri olan metro stansiyalarının yaxınlığında çadırlar qurularaq bayram yarmarkaları təşkil olunub.
Eləcə də paytaxtın müxtəlif rayonlarında Novruz bayramına həsr olunmuş konsert proqramları keçirilir.

Qeyd edək ki, Novruz irimiqyaslı bayram kimi yazın gəlişi ilə əlaqədar qeyd olunur və sevincli hadisələri - qışın bitməsini və yazın başlamasını təcəssüm etdirir. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən isə 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

 

 

Cəmiyyət 2023-03-19 12:35:00