×
A
A
A
Sazlamalar

Dövlət başçısının Talış kəndində xalqa müraciəti ciddi mesajlarla yadda qaldı

Bakı, 19 mart, AZƏRTAC

Zəfər savaşında əldə olunan şanlı qələbə ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, Azərbaycanı qüdrətli dövlət kimi bütün dünyaya tanıtdı. Bu gün ölkəmiz regionun lideri kimi inkişafın və sabitliyin təminatçısı statusundadır. İşğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işləri nəticəsində ölkəmiz xarabalığa çevrilmiş bölgədə müasir tələblərə cavab verən yaşayış məntəqələrinin qurulması ilə mövcud problemlərin sürətlə həll edilməsinə nail olur. Daha doğrusu, işğal dövründə düşmən tərəfindən vandalcasına dağıdılan yaşayış məntəqələrinin bərpasını qüdrətli Azərbaycan heç bir ölkədən, beynəlxalq təşkilatlardan yardım almadan öz hesabına həyata keçirir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
“Torpaqların işğaldan azad olunması kimi, həmin bölgənin abadlaşdırılması da Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Cənab Prezidentin düşmən tapdağından xilas olunmuş ərazilərə mütəmadi səfərləri hər dəfə böyük ictimai hadisəyə çevrilir. Çünki ölkə başçısının hər səfəri yeni abadlıq - quruculuq işlərinin daha geniş və intensivləşməsinə meydan açmaqla yanaşı, qalib ölkənin qalib liderini azad olunmuş Vətən torpağında görmək, dövlət maraqlarımıza uyğun qlobal əhəmiyyətli bəyanatlarını dinləmək bütöv bir xalq üçün qürurvericidir”, - deyə deputat söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri, eləcə də ölkə başçısının Talış kəndində Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciəti ciddi mesajlarla yadda qaldı.
Uzun müddət doğma torpaqlarımızı işğal altında saxlayan Ermənistan etnik təmizləmə siyasəti apararaq kütləvi qətllər törədib. Bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarından didərgin salındı.
Dövlət başçısı qeyd etdi ki, bir azərbaycanlı olaraq bunu heç vaxt unutmamalıyıq.
Regionda sülhün bərqərar olması, münaqişənin danışıqlar yolu ilə həllini ölkəmiz otuz il gözlədi. Bu uzun vaxt ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlar haqq səsimizə reaksiya vermədilər. Prezident təəssüflə qeyd etdi ki, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilərin ikili yanaşmaları məsələnin həllinə yox, dondurulmasına yönəlmişdi.
Əlbəttə, bütün danışıqlar masasında Prezident İlham Əliyevin qətiyyəti aydın idi: “Azərbaycan bu işğalla heç vaxt barışmayacaq! ” Bütün vədlərinə sadiq qalan dövlət başçısı bunu da bacardı və ölkəmizi də bu işğalla barışdırmadı.
Xalqın ən böyük gözləntisi, arzusu Prezident İlham Əliyevin komandanlığı altında reallaşdı, müasir Azərbaycan tarixinin ən parlaq səhifəsini 44 gün ərzində şanlı ordumuz yazdı və işğala son qoyuldu. Status yoxdur, əvəzində qalib statuslu bütöv Azərbaycan var və regionun standartlarını rəsmi Bakı diktə edir.
İndi Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad olunmuş Talış kəndində görülən işlərlə, "Suqovuşan" su anbarının və magistral su kanalının əsaslı təmiri, həmçinin turizm obyektlərinin tikintisi ilə tanış olur, yeni inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak edirlər. Düşünürəm ki, gerçək reallıq dediyimiz budur və bunu seyr etmək vətəndaş xoşbəxtliyidir: “Prezident, həmçinin İkinci Qarabağ müharibəsində şərəfli ordumuz tərəfindən çökdürülən Ermənistana növbəti ciddi xəbərdarlığını bildirdi. Ölkə başçısı qeyd etdi ki, Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırıblar. Yəni Ermənistanda yenə də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları səsləndirilir. Ermənistan və onun arxasında duran riyakar ölkələr bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Birliyimiz, gücümüz, iradəmiz qarşısında acizdirlər. Qüdrətimiz, dostlarımız , dünyada güclü mövqelərimiz hamıya bəllidir”.
Deputat sonda bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri “Böyük Qayıdış” proqramı üçün mühüm əhəmiyyət kəsb etmiş oldu. Eyni zamanda, ölkə rəhbəri bu bölgədən xalqa ünvanladığı bayram təbrikində mühüm mesajlar verdi ki, bu mesajlar həm ərazi bütövlüyümüzün qətiyyəti, həm də Azərbaycanın gələcək perspektivləri üçün böyük gözləntilərin anonsu idi.

Siyasət 2023-03-19 05:12:00