×
A
A
A
Sazlamalar

Dağ velosipedi üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Federasiya Kuboku keçirilib. Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutan yarışda ümumilikdə 30 velosipedçi qrup ötüşməsində mübarizə aparıblar.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, 15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 7 kilometr (hər dairə 3,5 kilometr olmaqla 2 dairə), Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar isə 9 kilometr (hər dairə 4.5 kilometr olmaqla 2 dairə) məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Aqşin Bağırlı (MTB-AVF, 19:26) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Emin Süleymanov (MTB-AVF, 21:33) ikinci, Mübariz Süleymanov isə (MTB-AVF, 21:39) üçüncü yerdə qərarlaşıblar.
15 və 17 yaşadək oğlanların mübarizəsində isə Qəhrəman Hacızadə (MTB-AVF, 09:37) hamıdan yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tahir Quluzadə (ROEQİUGVM, 10:07) ikinci, Toğrul Məmmədli (MTB-AVF, 10:44) isə üçüncü yerlə kifayətləniblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

İdman 2023-03-18 19:01:00