×
A
A
A
Sazlamalar

Şirvanda “Heydər Əliyev və milli ənənələrimiz” adlı bayram tədbiri keçirilib

Şirvan, 18 mart, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin, mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə “Heydər Əliyev və milli ənənələrimiz” adlı ümumşəhər bayram şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri, şəhər Bələdiyyəsinin sədri, Şura üzvləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhid ailələri şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Birinci Qarabağ müharibəsində itkin düşənlərin şərəfinə ucalan abidənin, “Şəhid anası” memorial abidə kompleksinin və şəhid məzarlarının önünə tər güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Tədbir Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər meydanında Novruz bayramına həsr olunmuş ümumşəhər bayram tədbiri ilə davam edib.
Tədbirə qatılan qonaqları milli geyimdə olan məktəblilər salamlayıblar. Novruz atributlarından, qədim tarixə malik dulusçuluq, mis məmulatlarından, əl işlərindən, rəsm əsərlərindən ibarət sərgi tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Qonaqlar məktəblilərlə yumurta döyüşdürüb, onların səsləndirdikləri haxıştaları, bayatıları, laylaları dinləyiblər.
Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasovun Vətən müharibəsinin şəhidi Ramil Əliyevin anası Xuraman xanım İsmayılova, şəhid Məharət Həsənovun övladı Ramil Həsənov, müharibə əlili Aslan Cəfərov ilə birlikdə alovlandırdığı möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Bayram tədbirini açan el ağsaqqalı Dədə Qorqud qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını, arzularını bildirib, Keçəl, Kosa şənliyə gələn qonaqları salamlayaraq şən və məzəli söhbətləri ilə onlara bayram əhvali-ruhiyyəsi bəxş ediblər.
Tədbirdə çıxış edənlər xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini təbrik edib, onlara möhkəm cansağlığı, xoş ovqat, bahar əhvali-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıblar. Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyi bildirilib. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğu diqqətə çatdırılıb. Milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, Prezident İlham Əliyevin hər il bayram günü xalqımıza bayram təbriki ünvanladığı, bayram şənliklərində iştirak etdiyi və onlarla öz sevincini paylaşdığı vurğulanıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı, BMT-nin Baş Assambleyası tərəfindən 21 martın “Beynəlxalq Novruz Günü” elan olunması ilə bu bayramın beynəlxalq səviyyəli tədbirə çevrildiyi qeyd edilib. Ölkə başçısının Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması milli-mənəvi dəyərlərimizə, xalqımızın birliyinə, həmrəyliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə çox yüksək önəm verən dahi şəxsiyyətə ümumxalq ehtiramının bariz nümunəsi olduğu bildirilib. Torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin şərəfli məqamlarından söz açılaraq, 3-cü ildir ki, bahar fəslinin xalqımızın tarixinə qızıl hərflərlə yazılan şanlı Zəfərin sevinci və qüruru ilə qarşılandığı söylənilib. İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə yandırılan bayram tonqallarının şəhidlərimizin ruhunu şad edəcəyi ifadə edilib. Dövlətimizin daha da qüdrətlənməsi, müstəqilliyinin əbədi olması, xalqımızın əmin-amanlıq və firavanlıq şəraitində yaşaması arzulanıb.
Bayram şənliyində Şirvan şəhərinin incəsənət nümayəndələri, Şirvan Peşə Liseyinin tələbələri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Şənlik iştirakçıları milli musiqinin sədaları altında rəqs ediblər. “Cəngi” sədaları altında şəhərin gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları maraqla izlənilib.
Bayram şənliyi “Azərbaycan” mahnısı ilə başa çatıb.

Regionlar 2023-03-18 16:54:00