×
A
A
A
Sazlamalar

“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Qurumun nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, ağacəkmə aksiyasında ASC-nin Mərkəzi Aparatı və yerli istismar idarələri fəal iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi üçün apardığı ekoloji siyasətin, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə göstərdiyi xüsusi diqqətin davamı olaraq ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndərin əziz xatirəsini yad etmək, onun doğma təbiətimizə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər görülür, xüsusilə Bakı şəhərinin “ağciyəri” sayılan yaşıl guşələrin dairəsi genişləndirilir, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin kollektivi də könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edib.
Aksiya zamanı xüsusi ayrılmış ərazilərdə, su təsərrüfatı obyektlərinin ətrafında, yerli istismar idarələrinin həyətində 12 min 182 ədəd ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Regionlar 2023-03-18 16:02:00