×
A
A
A
Sazlamalar

İmişlidə beton üzlüyə alınan iki kanal hesabına 20 min hektardan çox sahənin suvarılması yaxşılaşacaq

İmişli, 18 mart, Aydın Yavərzadə, AZƏRTAC
Qlobal iqlim dəyişiklikləri şəraitində mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması vacib amillərdən biridir. Mövcud suvarma şəbəkələrinin təxminən 70 faizinin torpaq məcralı olması böyük su itkilərinin yaranmasına səbəb olur. Odur ki, su itkilərinin azaldılması məqsədilə suvarma şəbəkələrinin müasir tələblərə uyğun olaraq yenidən qurulması, mövcud infrastrukturun müasirləşdirilməsi, suvarmada mütərəqqi və suya qənaətedici texnologiyaların genişləndirilməsi tələb olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə hər il olduğu kimi, bu il də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyət ayrılan vəsait daxilində balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin edib, müvafiq təmir-bərpa işlərini həyata keçirib, o cümlədən əhalinin içməli və kommunal-məişət su təchizatının, əkin sahələrinin su təminatının, su anbarları və magistral kanallar üzrə operativ qaydada iş rejimləri hazırlanaraq suyun düzgün paylanması, sudan səmərəli və qənaətlə istifadə olunması təmin edilib. Bununla yanaşı, mövcud infrastrukturun yenilənməsi və yeni su ehtiyatlarının yaradılması istiqamətində son illərdə bir sıra önəmli addımlar atılıb.
ASC-nin rəsmisi Riyad Axundzadə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda ölkə ərazisində 10 ədəd su anbarının yaradılması, 20 ədəd suvarma kanallarının yenidən qurulması, o cümlədən 1 ədəd hidroqovşaq və 1 ədəd magistral kollektorun yenidən qurulması nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə mövcud su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması və əlavə su ehtiyatlarının yaradılması təmin ediləcək. Həmin suvarma kanallarından 2-si İmişli rayonu ərazisində yerləşir. Belə ki, öz axımı ilə Araz çayından qidalanan və 42,5 kilometr uzunluqlu, başlanğıcında sərfi 8,6 m3/san olan Boztəpə kanalı 1924-cü ildə inşa edilib. Keçən müddət ərzində kanalın torpaq məcrası deformasiyaya uğramış, dərinləşmiş və genişlənmiş, nəticədə kanalda su itkisi 30-40 faizə çatmışdı. Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığı dönəmlərdə özəlliklə kanalın sonunda yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatı çətinləşib.
Yenidənqurma işlərindən öncə Boztəpə kanalının faydalı iş əmsalı 0,64 l/san olub ki, işlər başa çatdıqdan sonra bu rəqəmin 0,85 l/san-ə yüksəlməsi planlaşdırılıb. Layihə çərçivəsində birinci mərhələdə Boztəpə kanalının, ikinci mərhələdə ondan qidalanan 5 ədəd I, 58 ədəd II və üçüncü dərəcəli suvarma kanalının yenidən qurulması nəzərdə tutulub. Hazırda Boztəpə kanalının xidməti ərazisi 8900 hektar təşkil edir ki, yenidənqurma işlərinin sonunda sözügedən kanalın suvaracağı sahənin daha 875 ha artırılaraq 9775 hektara çatdırılacağı planlaşdırılıb. Bundan 8994 hektar İmişli, 891 ha Beyləqan rayonu ərazisindədir. Hazırda kanalın 38 kilometrlik hissəsində kol-kosdan təmizləmə, lil qatının çıxarılması və daşınması, keyfiyyətli tökmə işləri aparılıb və 3 kilometr dəmir-beton üzlənməsi işləri aparılıb, həmin işlərə uyğun geombran qatı qoyulub.
İmişli rayonu ərazisində yerləşən və yenidən qurulması nəzərdə tutulan digər kanal Qızılarx kanalıdır. Başlanğıcını Cənubi Muğan kanalından götürən və 30 kilometr uzunluqlu 10,9 m3/san sərfə malik torpaq məcralı Qızılarx kanalı 1960-cı ildə istismara verilib. Bu kanal da keçən illər ərzində deformasiyaya uğrayıb, faydalı iş əmsalı 0,65-ə düşüb ki, bu rəqəmin də 0,85-ə yüksəldilməsi nəzərdə tutulub. Layihə çərçivəsində I mərhələdə Qızılarx kanalının, II mərhələdə isə ərazidə yerləşən I, II, III dərəcəli nov və torpaq məcralı kanalların, o cümlədən kollektor-drenaj şəbəkəsinin yenidən qurulması nəzərdə tutulub ki, sözügedən tədbirlər 12,6 min hektar ərazinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Hazırda kanalın 5,7 kilometr hissəsi kol-kosdan və lil qatından təmizlənərək, tökmə torpaq işləri və en kəsiyinin düzəldilərək betonlama işlərinə başlanıb.
Bunlarla yanaşı qeyd edək ki, dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, su anbarlarının tikintisi, suvarma kanallarının təmiri, bərpası və yenidən qurulması, bütün istismar işlərinin effektivliyi birbaşa olaraq fermerlər tərəfindən suyun səmərəli istifadəsindən asılıdır. Əgər bir neçə il əvvəl ilə müqayisədə bu gün kifayət qədər ciddi su çatışmazlıqları ilə rastlaşırıqsa, ölkəmizə daxil olan su ehtiyatlarının daha 20-25 faiz azalması proqnozlaşdırılan gələcək illər üçün indidən hazırlıqlı olmalı, bu istiqamətdə hər bir fərd, hər bir su istifadəçisi olaraq maariflənməli, ənənəvi sudan istifadə vərdişlərini dəyişdirməli, su itkilərinə yol verilməməsinə qarşı məsuliyyətli olmalıyıq.

Regionlar 2023-03-18 14:56:00