×
A
A
A
Sazlamalar

Ramazanda imsak və iftarda qidalanma qaydaları

Bakı, 18 mart, AZƏRTAC

Martın 23-dən “on bir ayın sultanı” adlandırılan Ramazan ayı başlayır. Bu il də orucluq yaz aylarına təsadüf etdiyindən günlər xeyli uzun keçir. Bu isə o deməkdir ki, günün xeyli hissəsi ac qalmaq lazım gələcək. Ona görə də elə qidalanmaq lazımdır ki, həm gün boyu aclıq hiss etməyəsən, həm də iftar süfrəsi açılana qədər taqətdən düşməyəsən. Mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə mayeni saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər.
AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova deyib: “Həzm problemləri yaşamamaq və qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan daha çox istifadə edilməlidir. İmsakda yumurta, süd məhsulları və yulafdan hazırlanan qidalar istifadə edildikdə toxluq hissi daha uzunmüddətli ola bilər”.
Onun dediyinə görə, duzlu-ədviyyatlı qidalar rasiondan çıxarılmalıdır. Bununla yanaşı, imsakda boyat yeməklərdən imtina etmək lazımdır. Orucu açarkən da düzgün qidalanmaq lazımdır ki, gün boyu ac qalan mədəyə ağırlıq düşməsin.
“Orucu ilıq su ilə açmaq lazımdır. İftarda quru qidaların birbaşa qəbulu həzm problemi yarada bildiyindən qidalanmağa sulu yeməklərlə başlamaq lazımdır. Mümkün qədər az yağlı, tərkibində sous olan müxtəlif kalorili yeməklərin, xəmir xörəklərinin, qızartmaların, acılı-ədviyyatlı qidaların Ramazan ayı boyu iftar süfrəsində yer almaması məsləhət görülür. Maye olaraq süd, ayran, az şəkərli kompot istifadə olunmalıdır”,- deyə mütəxəssis bildirib.
Mütəxəssislər yeməkdən sonra dərhal şirniyyat qəbulu etməyi düzgün saymırlar, çünki artıq çəkiyə səbəb olur. Bundan başqa iftarla imsak arasında fasilələrlə çoxlu maye qəbul etmək tövsiyə edilir.

Sağlamlıq klubu 2023-03-18 14:50:00