×
A
A
A
Sazlamalar

AYNA daşıyıcılara beynəlxalq yükdaşımalarda iştirak üçün buraxılış vəsiqəsinin alınmasında dəstək verir

Bakı, 18 mart, AZƏRTAC
Nazirlər Kabineti tərəfindən 2022-ci il 8 aprel tarixində “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib və bu qaydaların tətbiqinə cari ilin aprelin 8-də başlanılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, daşıyıcılara hazırlaşmaq üçün bir il vaxt verilib. Ötən bir il ərzində AYNA tərəfindən bu istiqamətdə genişmiqyaslı işlər görülüb. Daşıyıcılarla mütəmadi görüşlər keçirilib, onlara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib. Həmçinin sənədləri toplamaları üçün köməklik göstərilib. Bu proses hazırda da davam etdirilir.
“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” ilə bağlı ötən bir il ərzində 100-dən çox daşıyıcı və sürücünün iştirakı ilə 10 kollektiv görüş təşkil olunub. Daşıyıcıların və sürücülərin məlumatlandırılması üçün AYNA-nın 7 əməkdaşı ayrılıb, onların əlaqə məlumatları daşıyıcı və sürücülərin qruplarında paylaşılıb. Hər ay daşıyıcıların da iştirak etdiyi vətəndaş qəbulunda mövzu ilə bağlı müzakirələr aparılıb. Beynəlxalq daşımalarda iştirak edən 218 şirkətin hər birinin nümayəndəsi ilə fərdi qaydada görüşlər keçirilib. Bu şirkətlərin nümayəndələri üçün sosial şəbəkələrdə yaradılan xüsusi qruplarda buraxılış qaydaları haqqında bütün lazımi məlumatlar, sənədləşməyə dair videotəlimatlar, müqavilə nümunələri paylaşılıb və sualları cavablandırılıb.
Qeyd edək ki, təkcə son yarım ay ərzində daşıyıcılarla iki görüş olub. Bundan başqa, 1250 sürücü və daşıyıcının iştirakı ilə 25 onlayn görüş keçirilib. Onlayn görüşlər ölkə hüdudlarından kənarda reysdə olan sürücülərə də onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradır.
AYNA daşıyıcıların və sürücülərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və yaranan sualların operativ cavablandırılması üçün martın 13-dən “Açıq qapı” günləri təşkil edib. “Açıq qapı” günlərində daşıyıcı və sürücülərin müraciətləri və sualları AYNA-nın inzibati binasında “Daşıyıcı bələdçisi” xidməti çərçivəsində və “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları tərəfindən cavablandırılır.
Yeri gəlmişkən, sənədlər buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə təqdim olunur.
Qeyd edək ki, fərdi qaydada özünə məxsus bir ədəd nəqliyyat vasitəsilə beynəlxalq avtomobil daşımaları həyata keçirən fiziki şəxslərin operator kimi uçota alınması üçün tələb olunan sənədlərin sadələşdirilmiş siyahısı tərtib edilib və daşıyıcılara təqdim olunub.
Ötən dövr ərzində 218 şirkətdən 129-u buraxılış qaydalarının şərtlərinə uyğun sənədlər təqdim edib və daşıyıcılara verilən buraxılış vəsiqələrinin sayı 100-ə yaxındır. Hazırda sənədlərin qəbulu və buraxılış vəsiqələrinin verilməsi prosesi davam etdirilir.
Buraxılış vəsiqəsi və kartı almayan daşıyıcılar aprelin 8-dən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcək, hüquqi və fiziki şəxslər isə “İcazə” blanklarının bölgüsünə buraxılmayacaqlar. Buraxılış qaydalarının tətbiqində məqsəd milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması, daha peşəkar və beynəlxalq tələblərə cavab verən şirkətlərin yaradılması və avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılmasıdır.

Nəqliyyat 2023-03-18 13:36:00