×
A
A
A
Sazlamalar

Sumqayıtda Novruz şənliyi təşkil olunub

Sumqayıt, 18 mart, AZƏRTAC
Sumqayıtın “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda təşkil edilən xalqımızın milli-mənəvi irsini, bolluğu, bərəkəti və xeyirxahlığı təcəssüm etdirən Novruz bayramı şənliyi izləyicilərin marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyinin də qatıldığı tədbirdə bayram tonqalı yandırılıb.
Bayram tədbirində Dədə Qorqud və Bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər. Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Regionlar 2023-03-18 12:45:00