×
A
A
A
Sazlamalar

“İran hökumətini Azərbaycan səfirliyinə ölümlə nəticələnən silahlı hücumu hərtərəfli araşdırmağa çağırırıq” - İƏT

Bakı, 18 mart, AZƏRTAC

İƏT Xarici İşlər Nazirləri Şurası Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pisləyib və İran hökumətini bu hücumu hərtərəfli araşdırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 16-17-də Mavritaniyanın paytaxtı Nuakşot şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul olunmuş qətnamədə bildirilib.
57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə İƏT üzv dövlətləri bu il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pisləyir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırır.

Siyasət 2023-03-18 09:41:00