Ekoaksiyada günün yekunu – tələblər yerinə yetirilənədək etirazlar davam edəcək
Şuşa, 17 mart, Elmir Səftərov, AZƏRTAC
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!
AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.
Gün ərzində hava dəyişkən buludlu keçib, Şuşada fasilələrlə yağış yağıb. Bütün bunlara baxmayaraq, ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdirirlər. Aksiyanın uzanması da onların iradəsinə təsir etmir.
Bu gün yeni könüllü qrupları da aksiyaya dəstək vermək üçün əraziyə gəliblər. Onlar da digərləri kimi, ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.
Qeyd edək ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yazılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Baş nazir Əli Əsədov Türkiyənin sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür edib
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Qənirə Paşayeva: Azərbaycanın istəyi regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasıdır