Türk dövlətlərinin daha sıx əməkdaşlığı və vahid mövqe formalaşdırmaları günün tələbidir
Bakı, 17 mart, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü və tədbirdə müzakirə olunan məsələlər yeni çağırışlara reaksiya və günün tələblərinə cavab idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə aktual məsələlər müzakirə edildi. Bu məsələlər təkcə Türkiyə ilə Azərbaycanı deyil, eləcə də Mərkəzi Asiyadakı türk dövlətlərinin də maraq dairəsindədir.
Avropa ilə Asiyanı nəqliyyat baxımından birləşdirmək imkanında olan Türk dövlətləri Çindən və Cənub Şərqi Asiya ölkələrindən yüklərin Avropaya və əks istiqamətə daşınmasında tranzit rolunu oynayırlar. Azərbaycan Prezidentinin irəli sürdüyü Orta Dəhliz layihəsi məhz bu birliyin tamamlanmasına xidmət edir. Orta Dəhliz beynəlxalq xarakter daşıyan nəqliyyat layihəsi olmaqla Orta Asiya, Cənubi Qafqaz və Türkiyəni nəqliyyat bağları ilə birləşdirir. Türkiyə isə Orta Dəhlizin keçdiyi türk dövlətlərini Türkiyə vasitəsilə Avropaya birləşdirir. Dəhlizin mahiyyəti yalnız türk dövlətlərinin, o cümlədən Azərbaycanın tranzit yükdaşımadan gəlir əldə edib dövlət büdcəsinə valyuta axınını təmin etməkdən ibarət deyil. Prezident İlham Əliyevin Orta Dəhliz ideyası artıq reallıq olmaqla yanaşı, türk dövlətlərinə iqtisadi səmərə, həmçinin siyasi dividend qazandırır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, həm Avropanın, həm Çinin həm də digər Cənub Şərqi Asiya dövlətlərinin yükləri səmərəli və az xərc tələb edən Orta Dəhliz vasitəsilə daşınacaq. Deməli, həm Avropanın, həm də Asiyanın nəhəng şirkətləri və transmilli korporasiyaları, eləcə də dövlətlər yükün daşındığı ərazilərdə sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Bununla da türk dövlətləri beynəlxalq siyasi zəmanət alacaqlar.
“Məsələyə bu kontekstdən yanaşdıqda Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü olduqca əhəmiyyətli beynəlxalq tədbir idi. Görüşün nəticələrinə dair Bəyannamə isə perspektivləri müəyyən edən sənəddir. İstər Orta Dəhlizin tam formalaşmasında, istər islamofobiyanın artmasının qarşısının alınmasında, istərsə də digər məsələlərdə türk dövlətlərinin daha sıx əməkdaşlığı və vahid mövqe formalaşdırmaları günün tələbidir”, - deyə deputat vurğulayıb.
Ceyhun Bayramov “GLOBSEC” beyin mərkəzinin keçirdiyi dəyirmi masa müzakirələrində iştirak edib
Avropa Parlamentində Azərbaycanın enerji siyasəti ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycanla Avstriya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub
ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın müharibə cinayətlərindən danışılıb
Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin yenidən inteqrasiyasında qərarlıdır