×
A
A
A
Sazlamalar

Azərbaycan peşəkar teatrının150 illik yubileyinə yeni töhfə

Bak, 17 fevral, AZƏRTAC

Milli teatrşünaslıq məktəbinin banisi, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Cəfər Cəfərovun (1914-1973) “Azərbaycan teatrı” monoqrafiyası latın qrafikası ilə nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan peşəkar teatrının yüzillik tarixinin (1873-1973) müfəssəl elmi mənzərəsini yaradan monoqrafiya milli teatrşünaslığın inkişafında mühüm rol oynayıb. İlk dəfə 1974-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən çap edilən kitab o vaxtdan tədqiqatçıların bu mövzuda ən çox istinad etdiyi mənbə olub.
Kitabın latın qrafikası ilə yenidən nəşrinin məsul redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.
Kitabın annotasiyasında qeyd olunduğu kimi, bu gündən baxanda, sözsüz ki, sosializm realizmi cərəyanının hakim kəsildiyi sovet cəmiyyətində və dövründə yazılmış bir əsər kimi Cəfər Cəfərovun “Azərbaycan teatrı” monoqrafiyası da zamanın izlərini özündə daşıyır. Lakin bu da milli mədəniyyətin, o cümlədən teatr və teatrşünasların keçdiyi yolun bir parçası olaraq bizə məxsusdur. Bu baxımdan, kitabın yeni nəşrində əsərin strukturu, dili, üslubu və terminologiyası qorunub saxlanılıb, yalnız bəzi ifadə və faktlarla bağlı müəyyən izahlar verilib.
Kitab Azərbaycan peşəkar teatrının 150 illik yubileyi münasibətilə nəşr olunub.

Teatr və kino 2023-03-17 15:40:21