×
A
A
A
Sazlamalar

Ermənistanın məcburi köçkünlərin və qaçqınların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur

Bakı, 17 mart, AZƏRTAC

Otuz ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən Ermənistanın, Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən və bu əraziləri bərpa etməsindən sonra məcburi köçkünlərin və qaçqınların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadənin Ermənistan XİN-in bəyanatına cavabında yer alıb.
O qeyd edib ki, Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində addımlar atmaqdadır. Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan tərəfi isə bunun əksinə, Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir.
Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaqdır.

Siyasət 2023-03-17 13:54:00