×
A
A
A
Sazlamalar

Müasir dövrün siyasi reallıqları Türk dünyasının birlikdə hərəkət etməsini zərurətə çevirib - Türk jurnalist

Bakı, 17 mart, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü uzun müddət müzakirə olunan Türk birliyinin real gücə çevrildiyini göstərir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin tanınmış jurnalisti, “Ulusal” kanalın siyasi şərhçisi Yakup Aslan deyib.
Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevin vaxtında irəli sürdüyü bu təşəbbüs təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün dünyada qlobal dəyişikliklər baş verir. Bu prosesdə geosiyasi qüvvələr öz maraqları naminə bəzi dövlətləri dəstəkləyir, digərinə isə təzyiq göstərib müstəqil siyasət yürütmələrinin qarşısını almağa çalışırlar. Müasir dövrün siyasi reallıqları Türk dünyasının birlikdə hərəkət etməsini zərurətə çevirib. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin coğrafi mövqeyi və iqtisadi potensialına baxsaq, böyük geosiyasi qüvvənin mövcudluğunu və dünyada baş verən proseslərə təsir etmək imkanı olan birliyi görərik. Bu birliyin möhkəmlənməsi nəticəsində təbii fəlakət zamanı qarşılıqlı yardım, sərmayə yatırımı, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq və beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi şərtləndirir. Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər.
Jurnalist diqqətə çatdırıb ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda hasil olunan təbii qaz Türkiyə vasitəsilə Avropaya çatdırılır ki, bu da qarşılıqlı faydalı əməkdaşlığın ən bariz nümunəsidir. Türk dövlətləri Asiya ilə Avropa arasında nəqliyyat dəhlizlərinin formalaşmasında əhəmiyyətli rola malikdirlər. Bu fakt Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin daha yaxın əməkdaşlıq əlaqələri qurmasını zərurətə çevirir. Bu birlik dünyanın iki böyük qitəsini birləşdirməklə, yalnız təşkilata üzv dövlətlərin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi inkişafına böyük və faydalı töhfə verəcək.
“Zirvə görüşünün nəticələrinə dair qəbul edilən Ankara Bəyannaməsində qeyd olunan müddəaların icrası yaxın gələcəkdə bu birliyin dünya siyasətində vacib amilə çevriləcəyini deməyə əsas verir”, - deyə Yakup Aslan vurğulayıb.

Siyasət 2023-03-17 13:07:00