×
A
A
A
Sazlamalar

Aydın Kərimov: Azərbaycan-Serbiya münasibətləri yeni mərhələyə qədəm qoyur

Şuşa, 17 mart, AZƏRTAC
Bu gün Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında Memorandum imzalandı. İnanıram ki, imzalanmış sənəd Şuşanın yeni tarixinə düşəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.
O qeyd edib ki, qardaşlaşma haqqında Memorandum Azərbaycanla Serbiya arasındakı yüksək səviyyəli strateji münasibətlərin məntiqi davamıdır. Bu da xalqlarımız arasında əlaqələrin münasibətlərin daha da möhkəmləndirilməsinə, mədəni, sosial, iqtisadi əlaqələrin daha da inkişafına xidmət edəcək.
"Bu gün imzalanan Memorandum Şuşa şəhəri ilə digər şəhərlər arasında qardaşlıq və əməkdaşlıq haqqında 7-ci sənəddir. Əvvəlki sənədlərdən fərqli olaraq, bu sənəd ilk dəfədir Şuşa şəhərində imzalandı. Bu da rəmzi və müsbət bir haldır", - deyə A.Kərimov vurğulayıb.
O əlavə edib ki, Azərbaycanla Serbiya arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur.

Siyasət 2023-03-17 12:37:00