×
A
A
A
Sazlamalar

ABŞ mətbuatı Azərbaycanın Qoşulmama Hərəkatındakı rolundan yazıb

Bakı, 17 mart, AZƏRTAC
Baş qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında “Azərbaycan və Qoşulmama Hərəkatı” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə Latviya Prezidenti Eglis Levitsə istinadən bildirilib ki, 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatında mühüm rol oynayan Azərbaycan pandemiyanın tüğyan etdiyi bir vaxtda sözügedən dövlətlər blokuna sədrliyi dövründə bir çox ölkələri adıçəkilən fəlakətlə mübarizəyə ruhlandırıb, fəal şəkildə peyvənd diskriminasiyasına qarşı çıxıb, hazırkı beynəlxalq münasibətlərdə bir sıra yeni güclərin söz sahibi olmasının labüdlüyünü nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının genişlənməsi ideyasını müdafiə edib və ya müxtəlif ölkələrin müstəmləkəçi keçmişini açıq şəkildə tənqid edib.
Müxtəlif beynəlxalq ekspertlərin fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatında kifayət qədər uğurlu sədrliyi nəzərə alınıb və hərəkat üzvlərinin əksəriyyətinin qərarı ilə ölkəmizin sədrlik müddəti daha bir il uzadılıb. Bir çox ölkələrə peyvənd əldə etməyə yardım göstərən və bu ölkələrin çətin anlarda ayaq üstə qalmasına kömək etmək üçün maliyyə dəstəyi təklif edən Azərbaycan Prezidenti İlham Əliyev bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmini üçün BMT-də xüsusi sessiyasının keçirilməsi ideyası ilə çıxış edib.
İsrailli politoloq Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışından iqtibas gətirib: “Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Təəssüf ki, bu gün biz neokolonializm meyilinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.
Məqalədə Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündəki açılış nitqində Fransaya sərt etirazını bildirdiyi də vurğulanıb. İsrailli politoloq Prezident İlham Əliyevin çıxışından “Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” ifadələrini sitat gətirib. Yazıda Fransanın özünün keçmiş müstəmləkələri ilə rəftarı tənqid olunaraq qeyd edilib ki, Fransa keçmiş müstəmləkələri ilə daha böyük tərəfdaşlıq və razılaşmalara doğru getmək əvəzinə, onlara daha kiçik vassal dövlət kimi yanaşmaqda davam edir. Vurğulanıb ki, Fransanın öz imicini bu formatda qurmaq istəyi yanlış yanaşmadır. Fransa keçmişi dəyişdirə bilməz, lakin onun müasir reallıqlara uyğun olaraq dünyanın tamamilə rədd etdiyi köhnəlmiş metodlardan istifadə etməkdə davam etməsi qəbuledilməzdir.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.

Siyasət 2023-03-17 11:56:00