×
A
A
A
Sazlamalar

Bakı konfransı: Dini müxtəlifliyi təşviq etməklə harmonik cəmiyyətlərin qurulması yolları müzakirə edilib

Bakı, 16 mart, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzusunda sonuncu aralıq sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə keçirilən aralıq sessiyada çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dünyada bənzəri olmayan dinlərarası həmrəyliyin mövcud olduğunu deyib. Qeyd edib ki, dünyəvi demokratik Azərbaycanda müxtəlif dinin nümayəndələri qardaşlıq, dostluq şəraitində yaşayırlar. Onlar dövlətin bütün qayğıları ilə təmin olunublar.
İslam Peyğəmbərinin təhqir olunması hallarının davam etdiyini vurğulayan şeyxülislam bildirib ki, xüsusilə Fransada antiislam meyilləri getdikcə kəskinləşir. Erməni terror şəbəkəsinin də təməlinin məhz Fransada qoyulduğunu vurğulayan Allahşükür Paşazadə deyib: “Din adından sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, milyonlarla insan üçün təhqir hallarının qarşısının alınması olduqca zəruridir. Dini zəmində qarşıdurmaya çağırış hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən qınanmalıdır”.
Misirin Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Negm çıxışında bildirib ki, islamofobiya tarix boyu olub və gələcəkdə də mövcud olacaq. İslamofobiya ilə mübarizədə səylərin birləşdirilməsinin önəmini qeyd edən İ.Negm deyib: “Bakıda keçirilən bu konfrans birliyimizi dünyaya göstərə biləcəyimiz bir vasitədir. İnanıram ki, bu konfransın sonunda konkret tədbirlər planı qəbul ediləcək və biz onun icrası ilə islamofobiyanın qarşısını ala biləcəyik”.
İndoneziyanın Müasir Dini Məsələlər üzrə Fətva Şurasının nümayəndəsi xanım İffatul Umniati İsmayıl Bakı konfransında iştirakdan məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Avropa və digər cəmiyyətlərdə islamofobiya hallarının artmasına bəzən müsəlmanların həmin ölkələrin mədəniyyətlərinə lazımi səviyyədə adaptasiya ola bilməmələri də təsir göstərir. “Biz islamofobiyaya qarşı mübarizə üçün müasir yanaşma və dəyərləri qəbul etməliyik. Eyni zamanda, müsəlmanlar öz dəyərlərinə də sadiq qalmalıdırlar. Burada təsiredici amillər mövcuddur. İslam haqqında düzgün imic formalaşdırmaqla islamofobiyaya qarşı ciddi mübarizə apara bilərik. Bu işdə diplomatların da üzərinə böyük məsuliyyət düşür”, - deyə xanım İffatul Umniati İsmayıl əlavə edib.
Türkiyənin Diyarbəkir-Mardin mitropoliti Saliba Özmən əvvəlcə ölkəsində və Suriyada baş vermiş zəlzələdən, onun nəticələrindən bəhs edib, bu cür fəlakətlər zamanı dünyanın birliyinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hər bir ölkənin inancı onun gözəlliyidir. Başqalarının dininə, inancına hörmətsizlik insanlığa qarşı düşmənçilikdir. Saliba Özmən Mardin şəhərinin sosial, dini və mədəni müxtəlifliklərlə zəngin bölgə olduğunu vurğulayıb.
EULEMA Avropa Müsəlman Liderləri Şurasının sədri, İtaliyanın COREIS Dini İcmasının vitse-prezidenti, ICESCO-nun Dialoq üzrə səfiri Yahya Pallaviçini qeyd edib ki, “İslamafobiya” kimi elmi termin yoxdur. Onun sözlərinə görə, bu, patologiya və ya psixoz deyil. İslamın patalogiya və psixozla heç bir əlaqəsi yoxdur. Avropa təsisatları bu terminə yenidən baxmaq qərarına gəliblər. Yahya Pallaviçini bildirib ki, 2008-ci ildə başlayan “Bakı prosesi”ndə mədəniyyətlər və dinlərarası yeni yanaşma, əməkdaşlıq, dialoq formalaşdı. İslamofobiya tədqiq edilərkən Qərb və Şərq arasında hansısa münasibətlər araşdırılır. Bunun nəticəsində qütbləşmə yaranır. Bir tərəf pislənir, digəri təriflənir. Bu qütbləşmə nəticəsində İslam dinini pisləməyə çalışırlar. “Bakı prosesi” Şərq və Qərb arasında əməkdaşlığı, hörməti və barışığı formalaşdırmağa çalışırdı.
Protopresbyter, Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının rektoru Georgi Zviadadze diqqətə çatdırıb ki, bu gün dini liderlərin proseslərə təsiri artmaqdadır. Siyasətçilər başa düşür ki, dini liderlərə böyük ehtiyac var. Dini liderlərin iştirakı sivilizasiyalararası dialoqun formalaşmasında olduqca əhəmiyyətlidir. Sülh şəraitində, birlikdə yaşamaq üçün bu proses olduqca vacibdir. “Bütün dinlərdə radikal qruplar var. Onların hərəkətləri müəyyən münaqişələrə gətirib çıxarır. Belə hallarda dini liderlərin rolu unudulur, lakin bu nəzərə alınmalıdır”, - deyən Georgi Zviadadze vurğulayıb ki, islamofobiya sərhəd tanımır, amma o qəbuledilməz mənfur bir prosesdir. Terrorçuluğu heç bir dinlə, xalqla eyniləşdirmək olmaz. Bu, düzgün deyil, islamofobiyanın əsasları yoxdur. Ona yalnız sülh vasitəsilə cavab vermək lazımdır.
Sonda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Konfransın Birgə Kommünikesini oxuyub.

Siyasət 2023-03-16 21:41:00