×
A
A
A
Sazlamalar

Rasmussen şirkətini idarə edən ermənilərin sifarişlərini yerinə yetirməyə məcburdur - ŞƏRH

Bakı, 16 mart, AZƏRTAC
Beynəlxalq təşkilatların və güclərin ədalətsiz mövqeyi nəticəsində dünya nizamı böyük təhlükə ilə üzləşib. Belə ki, dünyanın gündəminə təsir edə biləcək təşkilatlar korrupsiyaya qurşanaraq rüşvət hesabına qərəzli qərarlar qəbul edir, dünya gücləri isə müsəlman və xristian ölkələrinə qarşı hər hansı mövqe nümayiş etdirəndə xristian təəssübkeşliyi çəkir, münasibətlərdə doğmalıq və ögeylik sərgiləyirlər. Ona görə də bu gün dünya nizamı heç vaxt olmadığı qədər təhlükəli və dağıdıcı xarakter alıb.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov AZƏRTAC-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamənin qəbul olunmasının heç bir hüquqi əsası yoxdur. Təşkilatın Ermənistanın işğalçılıq siyasətinə göz yumması, münaqişənin artıq bitməsinə baxmayaraq, Emmanuel Makronun hegemonluğu ilə erməniləri yenidən revanşizmə ruhlandırması, Azərbaycanın tərkib hissəsi olan Qarabağda yaşayan “bir ovuc” erməninin hüquqlarının şişirdilməsi və onlara dəstək verməsi, lakin korsikalıların, katalonların, şotlandların və digər xalqların hüquqlarının tapdalanması dünyada ədalətsizliyin dərinləşməsinin göstəricisidir. Bəzi hallarda isə böyük təşkilata rəhbərlik edən şəxslərin korrupsiya çirkabına bulaşması, vəzifəsindən uzaqlaşandan sonra da çirkin əməllərini davam etdirməsi və bütün bunların dünya ictimaiyyətinin gözü önündə baş verməsi böyük faciədir. Belə şəxslərdən biri olan NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin Ermənistana səfəri və orada Azərbaycan əleyhinə açıqlamalar verməsi həm gülünc, həm də təhlükəlidir. Bu o deməkdir ki, erməni mafiyası “konyak diplomatiyası” ilə siyasətçiləri ələ alır və onları müəyyənləşdirdikləri plan üzrə hərəkət etməyə məcbur edir. Belə bir hal ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ilə bağlı da baş vermişdi. Erməni mafiyası Nensi Pelosinin Ermənistana gətirilməsi və orada Azərbaycana qarşı açıqlamalar verməsi üçün milyonlarla dollar vəsait xərcləmişdi. Nəticədə Pelosinin bütün açıqlamaları əhəmiyyətsiz arxiv materialına çevrildi və özü də ömürlük istirahətə göndərildi. “Rasmussenin Ermənistana gəlişi də oxşar haldır. Erməni mafiyası yenə də böyük vəsait xərcləyərək Rasmusseni Laçın yoluna qədər gətirir və orada şəkil çəkdirərək paylaşmağa məcbur edir. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, ermənilərin girovuna çevrilənlər ancaq Azərbaycanın sərhədinə qədər gələ və oradan açıqlamalar verə bilərlər. Mənfur baxışlarını ölkəmizə zilləyənlərin heç vaxt ərazilərimizə daxil olmasına imkan verməyəcəyik. Ona görə də təcilli olaraq Laçın yolunun başlanğıcında nəzarət-keçid məntəqəsi qurulmalıdır”, - deyə A.Badamov vurğulayıb.
Rasmussenin şirkətini ermənilər idarə etdiyinə görə onun bu cür sifarişləri yerinə yetirməyə məcbur olduğunu diqqətə çatdıran deputat deyib: “Onun açıqlamalarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Ölkəmizin ədalətli mövqeyini heç kim dəyişə bilməz. Rasmussenlərin ifadələrindən fərqli olaraq, Laçın-Xankəndi yolu hələ ki, humanitar məqsədlər üçün açıq saxlanılıb. Gələcəkdə Rusiya sülhməramlılarının da ölkəmizdəki fəaliyyəti sona çatacaq. O zaman Ermənistanla da bütün sərhəd keçidləri beynəlxalq normalara uyğun tənzimlənəcək. Qarabağda yaşayan ermənilərin yeganə çıxış yolu azərbaycanlılarla reinteqrasiya olunub birgə yaşamaqdır. Bizimlə birgə yaşamaq istəməyənlər ərazilərimizi tərk edə bilərlər. Onların ölkəmizin daxili işlərinə qarışmağa ixtiyarları yoxdur. Bu tələb bütün suveren ölkələrin hüququdur, Azərbaycan da suveren ərazisində öz hüququnu təmin etməlidir. Ermənistan isə xəyanətkar toplumun məskunlaşdığı bir ərazidir. Həmin ölkənin rəhbərliyi nə öz xalqına, nə də beynəlxalq öhdəliklərə heç vaxt sədaqət nümayiş etdirməyib. Ermənistan üzv olduğu beynəlxalq təşkilatlardan da daim nə isə umub və bacardıqca nə isə qopartmağa çalışıb. Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycanla qarşı-qarşıya qoya bilmədiyinə görə Rasmussenin əli ilə NATO-nu öz ərazisinə gətirməyə çalışır. Bu ölkənin rəhbərliyi birmənalı şəkildə bilməlidir ki, öz ərazilərinə kimlərin gətirilməsindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək”.

Siyasət 2023-03-16 21:13:00