×
A
A
A
Sazlamalar

Politoloq: Ermənistan “konyak diplomatiyası” ilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır

Bakı, 16 mart, AZƏRTAC

Artıq uzun illərdir ki, Ermənistan “konyak diplomatiyası” vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini öz işğalçılıq siyasətindən yayındırmağa çalışır. Beləliklə də, Avropanın və dünyanın bəzi siyasi institutlarının korrupsiyalaşmış dairələrinin nümayəndələrini öz maraqlarının alətinə çevirməyə nail olan Ermənistan Azərbaycanın beynəlxalq nüfuzunu hədəf alaraq yeni təzyiq mexanizmləri yarada biləcəyini düşünür.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.
Politoloqun sözlərinə görə, istər Avropa Parlamentinin qərəzli bəyanatları, istərsə də NATO-nun sabiq Baş katibi Anders Foq Rasmussenin İrəvan səfəri və davamında səsləndirdiyi absurd fikirlər bu qəbildən olan məkrli oyunlarının tərkib hissəsidir. Təbii ki, belə məqsədli çıxışların Azərbaycan üzərində heç bir təsir mexanizmi yoxdur. Ancaq bunların davamlı xarakter alması həm beynəlxalq institutların daima yüksək səslə müdafiə etməyə çalışdıqları demokratik dəyərləri və ədalət anlayışını şübhə altında qoyur, həm də digər oxşar vəziyyətlər üçün neqativ presedentlər yaradır. Ona görə də, bu qəbildən olan absurd bəyanatların arxasında dayanan korrupsiya faktları birmənalı şəkildə ifşa olunmalıdır.
“Xüsusilə, NATO kimi dünyanın aparıcı hərbi-siyasi təsisatını və ümumilikdə isə Qərb blokunu təmsil edən Rasmussenin Şuşa-Xankəndi yolunda üç aydan artıqdır davam edən dinc aksiya ilə bağlı qərəzli fikirlərinin arxa pərdəsində “konyak diplomatiyası”nın izlərini görməmək qeyri-mümkündür. Ancaq onu da qeyd etmək lazımdır ki, Qərbin Cənubi Qafqaz siyasətində Ermənistanın alət funksiyası da bu vasitə ilə icra olunmaqdadır. Qərbə “inteqrasiya” kursunu sürətlə davam etdirən Paşinyan administrasiyası KTMT ilə davam edən böhranlı münasibətləri fonunda regional proseslərdəki gərginlikləri daha da təşviq etməyə davam edir”, - deyə Aytən Qurbanova diqqətə çatdırıb.
Rusiya ilə ikitərəfli münasibətlərdəki xəyanət amilinin Ermənistanın daxili işi olduğunu deyən politoloqun fikrincə, Qərb bloku ilə gizli sövdələşmələr nəticəsində qarşılıqlı olaraq verilən vədlər Cənubi Qafqazda Avropa-Rusiya toqquşmasının labüdlüyünü də istisna etmir. Ermənistanın korrupsiya halqası ilə əhatələnmiş işğalçılıq ideologiyasının və onu qlobal güclər üçün “dəyərli” edən alət funksiyasının sonunun çox da uzaq olmadığını əminliklə deyə bilərik.

Siyasət 2023-03-16 20:46:00