×
A
A
A
Sazlamalar

Azərbaycanın turizm imkanları Vyanada beynəlxalq turizm yarmarkasında təqdim olunur

Vyana, 16 mart, AZƏRTAC

Martın 16-da Vyanada koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien“ yenidən qapılarını səyahətsevərlər üçün açıb.
AZƏRTAC xəbər verir ki, sayca 44-cü dəfə keçirilən Avstriyanın ən böyük yarmarkasında Azərbaycan da öz turizm guşəsi ilə təmsil olunur.
Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə qurulmuş guşədə Azərbaycanın turizm potensialını əks etdirən kitablar, CD, buklet və reklam çap məhsulları nümayiş olunur, eləcə də təbliğat xarakterli materiallar ziyarətçilərə təqdim edilir. Azərbaycan Turizm Bürosu və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyət və tarixi ilə yanaşı Qarabağ və Şuşa haqqında materiallar da təqdim edilir. Guşədə quraşdırılmış monitorlarda isə Azərbaycanın səfalı guşələrinə həsr olunmuş videoçarxlar göstərilir. Bu il turizm yarmarkası Novruz bayramı ərəfəsinə təsadüf etdiyinə görə, ziyarətçilərə Novruz atributları, milli şirniyyat və suvenirlər təqdim olunub.
Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 800-dən çox şirkət iştirak edir. 
Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirir. 
Yarmarkaya hər il orta hesabla 150 min ziyarətçi baş çəkir. Builki yarmarkada Xorvatiya xüsusi tərəfdaş kimi iştirak edir.
Beynəlxalq yarmarka səyahətsevərləri dünyanın müxtəlif ölkələrində tətil imkanlarına dair məlumatlandırmaqla yanaşı, turizm sektorunda çalışan şirkətlər üçün fikir mübadiləsi aparmaq və yeni trendlərlə tanış olmaq imkanı yaradır.
Beynəlxalq yarmarka martın 19-dək davam edəcəkdir.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Turizm 2023-03-16 14:23:37