×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Qarabağ” klubu “Sumqayıt”ı, “Sabah” isə “Zirə”ni məğlub edib

Bakı, 15 mart, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edib. Görüş Ağdam təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 6:0. “Qarabağ”ın heyətində Leandro Andrade, Musa Qurbanlı dubl ediblər. Abdullah Zubir rəqib qapısına yol tapmağı bacarıb. “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə isə avtoqol müəllifi olub.
Bu qələbədən sonra xallarının sayını 71-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. İyirmi bir xalı olan “Sumqayıt” isə yeddinci pillədə qalıb.
Günün ikinci matçında “Sabah” komandası “Zirə”nin qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Davit Volkov və Coy Lens Mikels vurublar.
Turnir cədvəlində ikinci pillədə yer alan “Sabah”ın hesabında 62 xal var. “Zirə” isə 37 xalla dördüncüdür.
Qeyd edək ki, XXVII turun “Səbail” – “Turan Tovuz” və “Neftçi” – “Kəpəz” oyunları martın 16-da, “Qəbələ” – “Şamaxı” görüşü isə ayın 17-də keçiriləcək.

İdman 2023-03-15 23:19:00