×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı qiymət həddi tətbiq edən ölkələrə neft satmayacaq

Bakı, 15 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman bildirib ki, Krallıq qiymət həddi tətbiq etməyə çalışan heç bir ölkəyə neft satmayacaq.
AZƏRTAC “Arabnews” qəzetinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının naziri “Energy Intelligence” nəşrinə müsahibəsində neft qiymətlərinə tavan qoyulmasının qaçılmaz olaraq bazarda qeyri-sabitliyə gətirib çıxaracağını, bununla bağlı Krallığın neft hasilatını azaldacağını söyləyib. O əlavə edib ki, OPEC+ qrupu bütün digər əmtəə bazarları ilə müqayisədə neft bazarına əhəmiyyətli sabitlik və şəffaflıq gətirməyə nail olub.
Səudiyyə Ərəbistanı rəsmiləri hesab edirlər ki, ABŞ Senatında yenidən gündəmə gətirilən və antiinhisar qanunlarına zidd olan NOPEC qanunu OPEC ölkələrinə təzyiq məqsədi daşıyır. Əbdül Əziz bin Salman bu qanunu şərh edərək bildirib: “NOPEC, həmçinin neft hasilatına sərmayələri sarsıdacaq və qlobal tədarükün gələcək tələbdən ciddi şəkildə azalmasına səbəb olacaq. Bu qanun bütün dünyada həm istehsalçılara, həm istehlakçılara, həm də neft sənayesinə mənfi təsir edəcək”.
Səudiyyə Ərəbistanının naziri qeyd edib ki, Krallıq 2027-ci ilə qədər hasilat gücünü gündəlik 13,3 milyon barelə çatdırmaq üçün fəal iş aparır. Onun sözlərinə görə, bu proses artıq mühəndislik mərhələsindədir və ilk artımın 2025-ci ildə olacağı gözlənilir. “Ehtiyat gücü və qlobal fövqəladə ehtiyatlar potensial şoklar qarşısında neft bazarı üçün əsas təhlükəsizlik şəbəkəsidir. Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, fövqəladə ehtiyatlar tarixi minimum həddə olduğu halda, qlobal tələb artımı cari qlobal ehtiyat potensialını üstələyəcək”, - deyə Əbdül Əziz bin Salman vurğulayıb.

Neft - qaz 2023-03-15 19:19:00