×
A
A
A
Sazlamalar

Bədii gimnastika üzrə məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib

Bakı, 15 mart, AZƏRTAC

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə birinci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinə start verilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadla xəbər verir ki, 5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün nəzərdə tutulan kurslarda ölkəmizdə fəaliyyət göstərən idman klubları və cəmiyyətlərini təmsil edən 72 məşqçi iştirak edir.
Kursların nəzəri hissəsi ilkin hazırlıq mərhələsində idman seçiminin üsulları, ümumi fiziki hazırlıq, alətlə iş texnikası, tullanmalar, bədii gimnastikada zədələr, oyun məşqi, dönmələr, xoreoqrafiya, məşqçi şəxsiyyətinin formalaşdırılması və s. mövzuları əhatə edir. Nəzəri hissədə iştirakçılar mövzular üzrə mühazirələr dinləyəcəklər. Martın 18-dək davam edəcək kursların sonunda iştirakçılar nəzəri və təcrübi imtahanlar verəcəklər. Kurs iştirakçıları bundan əvvəl AGF-nin tədris saytı vasitəsilə kursların onlayn hissəsini başa vurublar.
Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər.
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.

İdman 2023-03-15 18:41:00