×
A
A
A
Sazlamalar

Düyü, ət, kartof-soğan bahalaşıb, yumurta, günəbaxan və qarğıdalı yağları ucuzlaşıb

Bakı, 15 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 114,1 faiz olub. 2023-cü ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin fevral ayına nisbətən 117,1 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 112,2 faiz təşkil edib. Ötən ayda əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma boyaların, tozsoranların, soyuducuların, elektrik çaydanlarının, sintetik yuyuсu vasitələrin, sabunların, diş pastalarının, dezodorantların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, televizorların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz, əvvəlki ilin fevral ayına nisbətən 111,4 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma metro nəqliyyatında, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərində, mənzillərin icarə haqlarında, paltarların və məişət cihazlarının təmiri xidmətlərinin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadiyyat 2023-03-15 16:41:00