×
A
A
A
Sazlamalar

Hesablama Palatasının əməkdaşları Bakı Mühəndislik Universitetinin tələbələri üçün təlimlərə başlayıb

Bakı, 15 mart, AZƏRTAC

Hesablama Palatasının əməkdaşları Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlərə başlayıb.
Palatadan AZƏRTAC-a bildirilib ki, təlimin açılış tədbirində Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, BMU-nun prorektoru Həmzağa Orucov, qurumun və BMU-nun əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edərək qeyd ediblər ki, məqsəd Hesablama Palatası və Bakı Mühəndislik Universiteti arasında elmi-praktik əlaqələri inkişaf etdirmək və ixtisaslı kadr hazırlığını təmin etməkdir. Çıxışlar zamanı keçirilən təlimlərə, həmçinin Gürcüstan Dövlət Audit İnstitutunun nümayəndələri tərəfindən də dəstək göstəriləcəyi vurğulanıb.
Çıxışlardan sonra Hesablama Palatasının sektor müdiri Ramal Əzizov “Dövlət sektorunda audit mövzusu üzrə Təlim Proqramının əhəmiyyəti və dövlət qulluğuna qəbul” mövzusu üzrə ilk təqdimatla çıxış edib və tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, “Dövlət sektorunda audit” mövzusu üzrə keçiriləcək təlimlərdə fəal iştirak edən və yüksək nəticələr göstərən tələbələrə xüsusi sertifikatların verilməsi, həmçinin Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunmaları planlaşdırılır.

İqtisadiyyat 2023-03-15 16:19:00