×
A
A
A
Sazlamalar

Nurlan Aslanov: Əsas məqsədimiz ictimaiyyətdə idmanın kunq-fu növünə maraq oyatmaqdır

Hazırda Azərbaycan Kunq-fu Federasiyasının nəzdində 30-dan artıq klub fəaliyyət göstərir

Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Kunq-fu Federasiyası 1993-cü ildən fəaliyyət göstərir. Mən 2018-ci ildə federasiyaya prezident təyin olunmuşam. Təyinatımadək insanlarda idmanın bu növü haqqında düşüncələr fərqli idi. Onlar kunq-funu incə idman növü kimi düşünürdülər. Kunq-funun kata növü var, hansı ki, filmlərdə tez-tez şahidi olmuşuq. Amma kunq-fu yalnız filmlərdə gördüklərimizdən ibarət deyil.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov deyib.
Federasiya rəsmisi qeyd edib ki, əslində kunq-fu əlbəyaxa döyüş növləri, boks və digər növləri özündə birləşdirir. Müəyyən dövrdən sonra insanlar bu idman növü ilə tanış oldular. Kunq-funun ağır idman növü olduğunu bildilər və maraq da artmağa başladı. Bizim də istəyimiz məhz bundan ibarət idi. Məqsədimiz bu idman növünü ictimaiyyətə tanıtmaq, insanlarda maraq oyatmaqdır.


İdmanın bu növünün çox qolları olduğunu deyən N.Aslanov bildirib ki, lakin əsas - sanda döyüş növüdür. “Sanda boks əlcəkləri ilə olur, kikboksinq ilə güləşin qarışığıdır. Əlcəklə kifayət qədər güləş fənni işlətmək mümkün olmasa da, ancaq baxımlı fənlər yerinə yetirmək üçün yetərincə imkan olur. İdmanın bu növü üzrə 2018-ci ildə ölkə çempionatında 100-150 idmançı iştirak edirdisə, indi bu rəqəm 400-500-ə çatıb. Düşünürəm ki, bu da insanların kunq-funu anlamalarından və fəlsəfəsi ilə tanış olmalarından irəli gəlir. İdmanın bu növünü dərk etdikdə maraq daha da artır, yanaşma fərqli olur”, - deyə N.Aslanov qeyd edib.
İdmanın üç növü üzrə yarışlar keçirdiklərini bildirən federasiya rəsmisi vurğulayıb ki, vitse-prezidentlər Ehram Məcidov və Babək Əliyevin rəhbərliyi altında mütəmadi olaraq turnirlər təşkil olunur. Həmin yarışlar zamanı kunq-funun digər iki idman növündən fərqli olaraq, daha çox maraq yaratdığının şahidi oluram. Burda bəzi nüanslar var. Kunq-fu yarışları daha çox səs-küylü və həyəcanlı keçir. Digər vitse-prezident Orxan Qəribov da dəstəyini idmançılardan heç vaxt əsirgəmir. Düşünürəm ki, idmanın bu növünün inkişafında bizim təlim-məşq bazasının da böyük rolu var. Baş məşqçimiz Ramin Allahverdiyev kunq-fuda öz sözünü demiş və dəfələrlə dünya çempionu olmuş mütəxəssisdir. Onun insanları kunq-fuya cəlb etmək qabiliyyəti, məşq prosesinin fərqliliyi həmişə böyük marağa səbəb olur. Təlim-məşq bazasında hazırlıq keçən digər idman növlərindən olan gənclər dostluq edir və həmrəylik nümayiş etdirirlər.


Federasiyaya maddi dəstək olunduğunu diqqətə çatdıran N.Aslanov bunun idmançılarda böyük həvəs yaratdığını, maddi çətinliklərin aradan qaldırılması hər kəsi rahatlıqla peşəkar idmana cəlb etməyə səy göstərməyə, onlarda arxayınlıq hissini yaratmağa və yeni uğurlara imkan verdiyini bildirib.
“Hazırda federasiyanın nəzdində 30-dan artıq klub fəaliyyət göstərir. Bu klublarda 400-dən çox gənc məşq edir. Pandemiyadan sonra məncə bu böyük göstəricidir. Son illərdə kunq-funun inkişafını məhz bu göstəricilərdən də sezmək olur. Cari ildə idmançılarımızı ciddi sınaqlar gözləyir. Belə ki, oktyabrda Hindistanda dünya çempionatı keçiriləcək. Sentyabrda Avropa çempionatına İtaliyanın Peruciya şəhəri ev sahibliyi edəcək. Milli komandamızda yetərincə istedadlı idmançılar var. Ümid edirəm ki, təmsilçilərimiz hər iki yarışda uğurla çıxış edib, üçrəngli bayrağımızı dalğalandıracaq və himnimizi səsləndirəcəklər”, - deyə N.Aslanov əlavə edib.
Federasiya tərəfindən “Heydər Əliyev İli” çərçivəsində tədbirlər planının hazırlandığını vurğulayan N.Aslanov deyib: “Ölkəmizdə uğurlu idman siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız isə beynəlxalq arenada qalib xalqın nümayəndələri kimi çıxış edir, qələbələri ilə bizi sevindirirlər. “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin təşkilini nəzərdə tutmuşuq. Əsas diqqətimizi mayda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirəcəyimiz beynəlxalq turnirə yönəltmişik. Turnirin yüksək səviyyədə təşkili üçün hazırlıqlara artıq start verilib”.


Nurlan Aslanov peşəkar kunq-fu döyüşçüsü olmaq üçün insana lazım olan keyfiyyətlərdən də söz açıb: “İlk növbədə, tərbiyə əsas amildir. Xüsusilə də mənəvi tərbiyə. Xarakter də böyük rol oynayır. Zəhmət mütləqdir. Çünki hər bir uğurun başlanğıcı zəhmətdir. Əzmkarlıq isə uğura aparan yoldur”.
Qeyd edib ki, mütəmadi olaraq paytaxt ilə yanaşı, bölgələrdə də seminarlar təşkil edirik. Həmin seminarlarda idmanın kunq-fu növünə nə qədər böyük marağın olduğunu görürük. Bu maraq bütün yaş kateqoriyalarına aiddir. Sevindirici haldır ki, idmanın bu növü üzrə kütləviliyin səviyyəsi ürəkaçandır. Hər il Cəlilabadda ölkə çempionatına seçim xarakteri daşıyan yarış təşkil olunur. Həmin yarışa 100-dən artıq idmançı qatılır. Çox ciddi rəqabətin olduğu yerli yarışda döyüşlər maraqlı və baxımlı olur. Bütün regionlarda yarışlar bayram abı-havasında keçir. Federasiya prezidenti olaraq bu, bizim düzgün yolda olduğumuzdan xəbər verir. Biz də qazandığımız qələbələr və əldə etdiyimiz nailiyyətlərlə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu idman siyasətinə öz töhfəmizi veririk.


“Azərbaycan Kunq-fu Federasiyası həmişə sosialyönümlü layihələrdə yaxından iştirak edir. Daun sindromlu uşaqlara böyük həssaslıq və diqqətlə yanaşırıq. Mən düşünürəm ki, daun sindromu xəstəlik deyil. Onların rahat şəkildə idmanla məşğul olması üçün federasiyanın təlim-məşq bazasında hər cür şərait yaradılıb. Həmçinin bazamızda şəhid ailələri və qazilərin övladları üçün də geniş imkanlar var”, - deyə federasiya prezidenti diqqətə çatdırıb.
Nurlan Aslanov vurğulayıb ki, yaxın gələcəkdə ölkəmizdə dünya kuboku yarışlarını keçirməyi planlaşdırılır. Əgər bu alınsa, tanınmış kunq-fu ustadları və aktyorlar dəvət ediləcək. Rusiya Kunq-fu Federasiyasının prezidenti Kamil Rabadanov, məşhur aktyorlar Ceki Çan və Cet Li də dəvətlilər arasında yer alacaq.

İdman 2023-03-15 15:57:00