×
A
A
A
Sazlamalar

Aİ-yə daxil olan ölkələr Orta Dəhlizin genişləndirilməsində maraqlıdır

Bakı, 15 mart, AZƏRTAC
Avropa İttifaqına daxil olan ölkələr Orta Dəhlizin genişləndirilməsində və tranzit yük daşımanın həcminin artmasında maraqlıdır. Bu dəhliz Avropa dövlətləri ilə yanaşı, region dövlətlərinin də iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə böyük imkanlar yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə bu gün Bakıda keçirilən çoxtərəfli görüşdə deyib.
Videokonfrans vasitəsilə tədbirə qatılan Olqa Alqayerova bildirib ki, BMT nəqliyyat sektorunun və infrastrukturun inkişafına xüsusi önəm verir və bu kimi dəhlizlərin reallaşmasına dəstək göstərir. BMT həmçinin tranzit yükdaşımalarda gömrük-keçid prosedurlarının rəqəmsallaşdırılmasının sürətləndirilməsini vacib hesab edir və rəqəmsal tətbiqlərin həyata keçirilməsinə köməklik göstərir. BMT rəqəmsallaşma üzrə onlarla vasitəyə malikdir və biz region ölkələrini dəstəkləməyə hazırıq. Avropa İttifaqı ölkələri Orta Dəhlizin inkişaf etdirilməsində, rəqəmsallaşdırılmasında maraqlıdır. Rəqəmsal tətbiqlər şəffaflığı təmin etməklə yanaşı, vaxt itkisinin qarşısını da alır.
Olqa Alqayerova nəzərə çatdırıb ki, Azərbaycan rəqəmsallaşdırma prosedurlarında böyük nailiyyətlər əldə edib. Azərbaycanın gömrük-nəzarəti məntəqələrində artıq bir sıra mütərəqqi rəqəmsal həllər tətbiq edilir.
Onun sözlərinə görə, regionun digər dövlətlərinin də gömrük nəzarətində rəqəmsal tətbiqlərin işə salınması tranzit yükdaşımaları sadələşdirər, yükdaşımanın həcminin artmasına və şirkətlərin zərərlərinin aradan qalxmasına səbəb olar.
BMT nümayəndəsi bildirib ki, Orta Dəhliz Avropa ilə Asiyanı nəqliyyat baxımından birləşdirən irimiqyaslı iqtisadi layihədir. Dəhliz bir sıra dövlətlərin ərazisindən keçir. Ona görə də dəhlizlə bağlı müzakirələrin aparılması, eyni zamanda yarana biləcək problemlərin tez bir zamanda aradan qaldırılması üçün dövlətlərin iştirakı ilə birgə qurumun yaradılması zəruridir.
Olqa Alqayerova Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkiyə və digər ölkələrin Orta Dəhlizin inkişafını və ona nəzarət üzrə müvafiq orqanın yaradılmasını dəstəklədiklərini nəzərə çatdırıb.

İqtisadiyyat 2023-03-15 13:00:00