×
A
A
A
Sazlamalar

Vergiödəyicilərinə göndərilən uyğunsuzluq məktubları dəyişir

Bakı, 15 mart, AZƏRTAC

Vergi orqanlarından göndərilən uyğunsuzluq məktublarına dəyişiklik edilməsi nəzərdə tutulub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciətlərə əsasən hazırda sahibkarlar bəzən uyğunsuzluq məktublarını başa düşməkdə əziyyət çəkirlər.
Bəzi hallarda yazılan elektron məktublarda uyğunsuzluqların həcmi böyük olduqda sahibkarlar məktubları anlamaqda çətinlik çəkirlər. Dövlət Vergi Xidməti tərəfindən vergiödəyicilərindən daxil olan müraciətləri araşdırıldıqda müəyyən edilib ki, bir çox hallarda uyğunsuzluqları, sahibkarlara və yaxud mühasiblərə izah edildikdə onlar özləri də bəyannamələrdəki kənarlaşmaları anlayır və bəyannamədə olan uyğunsuzluğu qəbul edərək yenidən düzgün formada dəqiqləşdirilmiş bəyannamə təqdim edirlər. Buna görə də artıq bununla bağlı işlər gedir. Bu gün göndərilən uyğunsuzluq məktublarında uyğunsuzluq mətnləri cümlə şəklində qeyd olunur və bəyannamənin sətirlərinə istinadlar edildiyi üçün sətirlərin sayı da çox olur.
Dövlət Vergi Xidməti tərəfindən artıq bəyannamələrdə yaranan elektron uyğunsuzluların cədvəl formasına dəyişdirilməsi ilə bağlı işlər görülür.
Qeyd olunub ki, cədvəl şəklində olan uyğunsuzluq məktubunda bəyannamədə vergiödəyicisinin göstərdiyi rəqəmlər, vergi uçot-baza məlumatlarında olan rəqəmlər və aradakı fərq əksini tapacaq. Yəni, artıq həmin cədvəldə sahibkarlar üçün hansı sətirdə fərq yarandığı, uyğunsuzluğun səbəbi aydın görünəcək.

İqtisadiyyat 2023-03-15 12:54:00