×
A
A
A
Sazlamalar

Şahin Bağırov: Məqsədimiz rəqəmsal həlləri tətbiq etməklə tranzit daşımalarında sənədləşmə prosedurlarını asanlaşdırmaqdır

Bakı, 15 mart, AZƏRTAC

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin əsas məqsədi rəqəmsal həlləri tətbiq etməklə tranzit daşımaları artırmaqdan və sənədləşmə prosedurlarını asanlaşdırmaqdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov deyib.
O bildirib ki, gömrük sənədləşməsinin asanlaşdırılması üçün komitədə portal hazırlanır. Bu portal istifadəyə veriləndən sonra yükdaşıyıcı və tranzit yükdaşımalarla məşğul olan şirkətlərin işi xeyli asanlaşacaq. Həmin şirkətlərin portaldan istifadə edərək, Azərbaycan üzərindən tranzit olaraq daşıyacaqları yüklər haqqında məlumat verəcəklər. İstifadəçilər yüklərin həcmi, çəkisi və başqa göstəriciləri barədə məlumatları portala daxil edəcəklər. Gömrük komitəsi həmin məlumatları portal vasitəsilə əldə edib sənədləşmə proseduruna başlayacaq və tez başa çatdıracaq. Bu portalın üstünlüyü ondan ibarətdir ki, hər hansı bir şirkətin Azərbaycan üzərindən tranzit daşınan yükü ölkəmizə daxil olmadan onun barəsində məlumatımız olacaq və tranzit sənədləşməsi həm sadələşəcək, həm də vaxt itkisinə yol verilməyəcək.
“Azərbaycanın gömrük orqanları yüklərin gömrük nəzarətindən keçməsi prosedurlarını sadələşdirmək istiqamətində uğurlu addımlar atıb. Rəqəmsal tətbiqlər vasitəsilə yubanmaların qarşısı alınıb”, - deyə komitə sədri qeyd edib.

İqtisadiyyat 2023-03-15 12:16:00