“Bütün avropalılar üçün Təmiz Enerji Paketi”nin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 15 mart, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Hüquqi təminat və təhlil şöbəsinin rəhbəri Fariz Şirinov Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən “EU4Energy” proqramının II mərhələsi - “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində enerji sahəsində rəhbər vəzifəli şəxslər üçün Brüsseldə keçirilən regional təlimdə iştirak edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən təlimdə “Bütün avropalılar üçün Təmiz Enerji Paketi”nin tətbiqi ilə bağlı yeni çağırışlar haqqında məlumat verilib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, regionda əməkdaşlığın sürətləndirilməsi yolları, Şərq tərəfdaşlığı ölkələrinin milli qanunvericiliklərinin Avropa İttifaqının (Aİ) tələblərinə uyğunlaşdırılmasının təşviqi, eləcə də Avropanın enerji siyasətinin işlənib hazırlanmasında, Aİ səviyyəsində qərar qəbuletmə proseslərində iştirak edən əsas aktorların rolları və yeni tənzimləyici bazanın effektiv tətbiqinin təmin edilməsində tənzimləyici orqanlar qarşısında duran vəzifələr müzakirə edilib.
Qeyd edək ki, “EU4Energy” proqramının II mərhələsi 2024-cü ilin dekabr ayınadək davam edəcək və bu mərhələnin məqsədi regionun təmiz enerjiyə keçidini, həmçinin enerji bazarının liberallaşmasını dəstəkləmək üçün dayanıqlı qanunverici və hüquqi bazanın inkişafına kömək etməkdir.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir