×
A
A
A
Sazlamalar

Rəşad Nəbiyev: Azərbaycan böyük tranzit imkanlarına malikdir

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycanın böyük tranzit potensialı var və bu potensialın daha da artırılması istiqamətində tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə deyib.
Bildirib ki, yükdaşıma sahəsində formalaşan Azərbaycan şirkətləri artıq beynəlxalq aləmdə fəaliyyət göstərməyə başlayıblar. Azərbaycanın “Silk Way Airlines” şirkəti yükdaşıma sahəsində böyük uğurlar əldə edib. Şirkətin 19 gəmisi bu gün beynəlxalq daşımalarda fəal iştirak edir.
“Özəl şirkətlərlə yanaşı, Azərbaycan dövləti də tranzit daşımaların artırılması istiqamətində əməli addımlar atır. Azərbaycanın tranzit imkanlarının artırılması üçün Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların artırılaraq 5 milyon tona çatdırılması barədə tapşırıq verib. Hazırda bu istiqamətdə mühüm işlər həyata keçirilir. Gələcəkdə Azərbaycan üzərindən daşınacaq tranzit yüklərin həcmi daha da artacaq. Buna görə də Azərbaycan hökuməti Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dəmir yollarının yükaşırma imkanlarını artırır və sənədləşmə prosedurlarının sadələşdirilməsi üçün rəqəmsal tətbiqlər həyata keçirilir”, - deyə nazir qeyd edib.

İqtisadiyyat 2023-03-15 11:58:00