×
A
A
A
Sazlamalar

Turab Teymurov: Formula 1 Azərbaycan Qran-Prisinin azarkeşlərini unudulmaz yarış həyəcanı gözləyir

Bakı, 14 mart, AZƏRTAC

Bakı şəhər halqası aprelin 28-30-da yeddinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək. Hər zaman gözlənilməz anlarla yadda qalan Formula 1 Azərbaycan Qran-Prisi indiyədək keçirilən altı yarışda altı fərqli qalibi ilə təqvimdəki ən aparıcı şəhər yarışlarından birinə çevrilib. Bakıda, həmçinin mövsümün ilk sprint yarışı keçiriləcək.
Yarışa hazırlıqla bağlı Formula 1 Azərbaycan Qran-Prisinin mətbuat katibi Turab Teymurov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
-Bilirik ki, bu il Azərbaycan Qran-Prisi apreldə reallaşacaq. Yarış çərçivəsində azarkeşləri hansı yeniliklər gözləyir?
- Çox şadıq ki, builki F-1 təqvimində sıralanmanı müəyyənləşdirəcək ilk sprint yarışına məhz biz ev sahibliyi edəcəyik. Bu o deməkdir ki, azarkeşlər, günorta saatlarında keçiriləcək ənənəvi sıralanma turu da daxil olmaqla, bu üç gün ərzində yüksək rəqabətli yarışdan maksimum zövq ala biləcəklər. Aprelin 29-da - şənbə günü baş tutacaq sprint yarışı bazar günü keçiriləcək Qran-Prinin sırasını müəyyən edəcək. Qeyd edim ki, bu, Bakı trekində keçiriləcək ilk sprint yarış olacaq. Ölkəmizin sprint yarışının keçiriləcəyi beş ölkə arasında olması bizim üçün həqiqətən qürurvericidir.
Bundan başqa, üçillik fasilədən sonra nəhayət ki, konsert proqramı Bakı yarışına geri dönür. Konsertdə dünyaşöhrətli musiqiçi DJ Hardvell sürətsevərləri məşhur hitləri ilə sevindirəcək. Qeyd edim ki, DJ Hardvell gənclər arasında böyük fanat kütləsinə malik sevilən bir sənətçidir. Onun “Armin van Buuren”, “Steve Aoki, “Dimitri Vegas & Like Mike”, “Tiësto” və “Afrojack” kimi elektron musiqinin aparıcı ulduzları ilə möhtəşəm ifaları fanatların sevimlisinə çevrilib.
-Bilet satışları haqqında məlumat verərdiniz. Biletlər ən çox hansı ölkələrdən alınır?
- Bakı yarışına builki bilet satışı göstəriciləri son altı yarışla müqayisədə rekord həddə yüksəlib. Filarmoniya, Abşeron “B” sektoru və Sahil tribunalarının biletləri tamamilə satılıb. Bununla da qalan tribuna biletlərinin 50 faizdən çox hissəsi satılıb. Bu il yarışa yerli azarkeşlərlə yanaşı, xarici azarkeşlərin də artan marağını müşahidə edirik. Hazırda bilet satışında 100-ə yaxın ölkənin azarkeşlərinin təmsil olunması bunun əsas göstəricisidir. Bu ölkələrin arasında Azərbaycan, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ, Meksika var. İlk üçlükdə Azərbaycan, Birləşmiş Krallıq və Niderland yer alır. Düşünürəm ki, sprint yarışının da bilet satışına müsbət təsiri var.
-Sizcə, Bakıda keçirilən F-1 yarışı niyə həmişə həyəcanlı olur?
- 2016-cı ildə Bakının debüt yarışından bəri biz özümüzü Formula 1 təqvimində əsas oyunçulardan biri kimi sübut edə bilmişik və əsas məqsədimiz Formula 1 təqvimində mütləq ziyarət edilməli yerlərdən biri kimi yaddaşlarda qalmaqdır.
Bakı yarışını özünəməxsus edən bir sıra faktorlar var. İlk öncə, şəhərimiz müasirliyi və tarixiliyi özündə birləşdirərək F-1 azarkeşlərinə tam fərqli təcrübə yaşadır. İçərişəhər boyunca uzanan əsrarəngiz qala divarları, Qız Qalası kimi UNESCO tərəfindən qorunan qədim tarixi abidələrin ahəngi Bakı trekini digərlərindən fərqləndirir. Formula 1 yarışları arasında başqa heç bir yerdə şəhərin küçələrinin mərkəzindən Bakıdakı kimi sürətlə keçən yarış treki yoxdur. F-1 yarışları arasında ən dar döngə də bizim trekimizdədir və bura F-1 pilotlarını daima sınaq qarşısında qoyur. Uzun və qısa döngələr, sürətlənmə düzlükləri ilə məşhur trekimiz bizə imkan verir ki, azarkeşlərə unudulmaz yarış həyəcanı yaşadaq. Məncə, sadaladığım bütün bunlar Formula 1 azarkeşləri üçün bizim yarışımızı ən həyəcanlı avtoidman təbdirlərindən birinə çevirir.
Bundan başqa, yerli azarkeşlər tərəfindən istifadə edilən “Bakı sindromu” kimi bilinən anlayış var. Bu, daha öncə keçirilmiş altı yarışın hər birində fərqli pilotun qalib gəlməsini bildirən termindir. Hələ ki, Bakıda təkrar pilot qalib gəlməyib və bu, qeyd etdiyim kimi, bizim yarışımızın gözlənilməz olması ilə bağlıdır. Ümid edirəm ki, bu il yeddinci fərqli qalibimiz olacaq.
- Yarış formatında hansı əyləncə proqramları nəzərdə tutulub?
- Hər il əyləncə proqramımızı əvvəlki ildən daha maraqlı etmək kimi bir missiyamız var. Az öncə qeyd etdiyim kimi, bu il də Dənizkənarı Milli Park ərazisində F-1 azarkeşləri üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq. Belə ki, tanınmış musiqiçi DJ Hardvell Formula 1 Azərbaycan Qran-Prisinin səhnəsinə çıxacaq. DJ Hardvell pop musiqisinin məşhur sənətçiləri Rihanna, Calvin Harris, Moby və U2, Coldplay kimi musiqi qruplarının remikslərini ərsəyə gətirərək dünya musiqi səhnəsində iz qoymuş, elektron musiqi janrında qlobal hitləri ilə məşhur bir sənətçidir. Əminik ki, “Tomorrowland”, “Ultra Music Festival” daxil olmaqla, dünyanın ən böyük festival və musiqi tədbirlərində əsas sənətçi kimi çıxış etmiş DJ Hardvell doğma Bakımızda sürətsevərləri möhtəşəm konsert proqramı ilə qarşılayacaq.
Üçgünlük bilet sahibləri Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertə qatıla biləcəklər. Eyni zamanda, həmin azarkeşlər pit yolu gəzintisinə qoşularaq Formula 1 komandalarının pərdə arxasını görmək kimi bir təcrübə yaşaya biləcəklər ki, bu da onları yarışlara bir addım daha yaxın edəcək.
-Formula 1 Azərbaycan Qran-Prisini keçirilməsi ölkəmizə nə qazandırıb?
- Formula 1 Azərbaycan Qran-Prisinin ölkəmizdə keçirilməsinin bir çox üstünlükləri var. İlk öncə, yarışın ölkəyə iqtisadi cəhətdən faydaları vardır və bu “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib. Bundan başqa, belə dünya miqyaslı yarışın keçirilməsi ölkənin turizm potensialına öz töhfəsini verir, ümumilikdə ölkənin qlobal arenada tanınmasında böyük rol oynayır.
Yarışın, həmçinin sosial cəhətdən faydaları var. Yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkəmizdə könüllülük institutunun inkişafında mühüm rol oynayır. Bu il könüllülük proqramına 10 mindən çox gənc müraciət edib. Onların arasından 1500 könüllü seçilərək yarışın müxtəlif sahələrinə yönləndiriləcək. Hər il daha çox gəncin bizə qoşulmaq istəməsi, şübhəsiz ki, bizi sevindirən amillərdəndir. Bakı Şəhər Halqasının nəzdində fəaliyyət göstərən BCC Akademiya artıq 7-ci ildir ki, onların yarışlara hazırlığı, peşəkar və fərdi inkişafı ilə bilavasitə məşğul olur.
Bundan əlavə, BŞH nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu isə yarışlarda əvəzsiz əməyi olan yarış rəsmilərinin – marşalların təlim və tədrisi ilə məşğul olur. 1400 marşal və 1500 könüllünün təxminən 90 faizi əvvəlki illərdən qayıdır ki, bu da Azərbaycanda insan kapitalına töhfə verir və Formula 1-ə olan marağın ilbəil artmasını sübut edir.
- Sonda azarkeşlərə və oxuculara sözünüz...
- Aprelin 28-30-da keçiriləcək yarış həftəsonunda azarkeşləri möhtəşəm mübarizə gözləyir və bu qismən ona görədir ki, Bakı şəhər halqası həqiqətən unikaldır. Biz dünyanın ən sürətli şəhər yarışlarından biriyik. Bakıda hər zaman gözlənilməzə hazır olun. Hər kəsi kəskin dövrələr boyu 330 km/saat sürətlə hərəkət edən Formula 1 Azərbaycan Qran Prisinin yeddinci yarışını izləməyə dəvət edirəm. Biletləri hələ də fürsət varikən BŞH-nin rəsmi veb-səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərsiniz.

Formula-1 2023-03-14 10:58:00