×
A
A
A
Sazlamalar

“Cırtdan” uşaqları bu dəfə Opera və Balet Teatrında gözləyir

Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ay balaca tamaşaçılarını da unutmayıb. Onlar martın 19-da sənət ocağının səhnəsində “Cırtdan” operasını izləyə biləcəklər.
Bu barədə AZƏRTAC-a Opera və Balet Teatrından məlumat verilib.
Bildirilib ki, uşaqların zövqünü oxşayacaq səhnə əsərində əsas rolları Əməkdar artistlər İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, teatrımızın solistləri Mahir Tağızadə, Aynel Mehdiyeva, Mələk İsrafilova, Dilarə Mustafayeva, Esmira Məmmədova və Elmira Qafarova ifa edəcək.
“Opera balacaların bədii-estetik zövqünün formalaşması və onlarda kiçik yaşlarından akademik sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb. Bəstəkarı Nazim Əliverdibəyov olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir”, - deyə qeyd olunub.

Teatr və kino 2023-03-14 10:26:12