×
A
A
A
Sazlamalar

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub

Azərbaycan millisi dünya kuboku yarışlarını 1 qızıl medalla başa vurub

Bakı, 12 mart, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin sonuncu – dördüncü günündə kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə final yarışlarında güclərini sınayıblar.
Milli komandamızın üzvləri İvan Tixonov turnik, Nazənin Teymurova isə sərbəst hərəkətlərdə final yarışlarında iştirak ediblər.
Kişilər arasında dayaqlı tullanma yarışlarının finalında filippinli Edriel Karlos Yulo uğurla çıxış edərək hakimlərdən 14,933 xal alıb və bütün rəqiblərini qabaqlayaraq birinci olub. Böyük Britaniya gimnastı Harri Hepvort 14,816 xalla gümüş, Honqkonq idmançısı Hunq Şek Vey 14,716 xalla bürünc medal əldə ediblər. Bu, Fillipin təmsilçisinin cari yarışda qazandığı ikinci qızıl medal olub. Belə ki, ötən gün idmançı paralel qollar üzrə yarışlarda da qızıl medal qazanmışdı.
Dəstəli at yarışlarında qazaxıstanlı Nəriman Kurbanov 15,300 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İrlandiyalı Ris Maklennan (14,933 xal) yarışı ikinci, albaniyalı Avropa çempionu Matvey Petrov (14,766 xal) isə üçüncü pillədə başa vurublar.
Gimnastımız İvan Tixonov turnik proqramında səkkizinci olub. Gimnastımız hakimlərdən 12,200 xal alıb. İsrailli Aleksandr Myakinin 14,200 xalla birinci pillədə qərarlaşıb. Yaponiya təmsilçisi Kazuki Matsumi 14,033 xalla gümüş, xorvatiyalı Tin Srbiç 13,666 xalla bürünc medal əldə ediblər.
Qadınlar arasında gimnastika tiri üzrə final yarışlarında İtaliya təmsilçisi Corciya Villa 13,966 xalla qalib adını qazanıb. Fransalı Marin Boyer (13,866 xal) və Ukrayna gimnastı Anna Laşevska (13,433 xal) ilk üçlükdə yer alıblar.
Milli komandamızın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərdə səkkizinci olub. Gimnastımızın çıxışı hakimlər tərəfindən 9,966 xalla qiymətləndirilib. Yarışın qalibi adını 12,833 xalla fransalı Marin Boyer qazanıb. İlk üçlüyü italiyalı Arianna Belardella (12,800 xal) və Türkiyə idmançısı Sevgi Kayısoğlu (12,566 xal) tamamlayıblar.
Turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edib.
Qeyd edək ki, Azərbaycan millisi dünya kuboku yarışlarını 1 qızıl medalla başa vurub. Gimnastimiz Nikita Simonov halqa ilə yarışlarda birinci olub.

İdman 2023-03-12 21:59:00