×
A
A
A
Sazlamalar

“OneWeb” qlobal internetdə hegemonluğa yaxındır

Bakı, 11 mart, AZƏRTAC

Londonda yerləşən peyk operatoru “OneWeb” bu həftə kosmik fəzaya daha 40 zond buraxacaq. Bu, şirkətin orbitdəki genişzolaqlı bürcünün sayını 580 peykdən yuxarı çıxaracaq.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “OneWeb” qarşıdakı həftədə daha bir silsilə buraxılışı həyata keçirməklə, Yer kürəsinin istənilən yerinə internet bağlantısı təmin etmək üçün kifayət qədər peykə sahib olacaq. 2020-ci ilin martında pandemiya nəticəsində maliyyə böhranı ilə üzləşən şirkət, hazırda mövqeyini bərpa etmək üçün sürətlə hərəkət edir. Böyük Britaniya hökuməti və Hindistan konqlomeratı “Bharti” bu şirkəti iflasdan xilas edərək satın alanda, onun kosmosda 80-dən az zondu uçurdu.
“OneWeb”in baş direktoru Neil Masterson bildirib ki, indi şirkət Böyük Britaniya da daxil olmaqla, 50 dərəcə enlikdən şimalda 15 ölkəyə xidmət göstərir. O əlavə edib: "Ötən il dekabrın sonuna olan məlumata görə, bizdə 800 milyon dollar ehtiyat vəsait var. Buna görə də biz bu işin öhdəsindən gəlirik və dünyanın qalan hissəsində də xidmətlərimiz genişlənir. Orbitə buraxılan yeni peyklərin Yerdən 1200 kilometr yüksəklikdə düzgün mövqe tutması, sınaqdan keçirilməsi və internet xidməti göstərməsi bir müddət çəkir. Keçən il əhatə dairəsini ABŞ-nin 48 ştatına və Aralıq dənizinin şimalına yaydıq, yazın sonuna qədər isə o, 25 dərəcə Şimala (Meksika, Şimali Afrika və Hindistan) qədər genişlənəcək. Son buraxılışlar ilin sonuna qədər ekvatordakı istifadəçilərə genişzolaqlı qoşulma imkanı verəcək. Şimal yarımkürəsi üçün məlumat bağlantılarını tamamlamaq məqsədilə lazımi yer stansiyaları quraşdırıldıqdan sonra, hətta Antarktida da daxil olmaqla, Cənub yarımkürəsinin əsas quru əraziləri də bizim xidmətdən istifadə edə biləcək”.
“OneWeb” 2023-cü ilin sonunda təxminən 40 qovşağın işə salınmasını planlaşdırır. İlon Maskın “Starlink” xidmətindən fərqli olaraq, “OneWeb” genişzolaqlı bağlantıları birbaşa fərdi istifadəçiyə satmır. Onun müştəriləri, əsasən, bu internet xidmətini təmin edən telekommunikasiya şirkətləridir. Onlar, həmçinin mobil telefon şəbəkələrində infrastruktur əlavə etmək və ya genişləndirmək üçün bağlantıdan istifadə edə bilərlər.
İstifadəçinin terminalına və ya antena sisteminə tipik bir xidmət planı çərçivəsində saniyədə 75 meqabit (MBPS) və 15 MBPS yükləmə həyata keçirilə bilər. Ancaq həm “OneWeb”, həm də “Starlink”in vurğuladığı əsas cəhət aşağı gecikmə və ya məlumatların şəbəkə üzərində gediş-gəliş etmək üçün lazım olan vaxtın azaldılmasıdır. Yerdən 36 min kilometr yüksəklikdə yerləşən ənənəvi geostasionar (GEO) rabitə peykləri üçün bu "ping" vaxtı 700 millisaniyə ola bilər. Yeni aşağı Yer orbitində (LEO) peyklər üçün isə bu, həmin rəqəmin onda biri, yəni 80 millisaniyəyə qədər azalır.
Şirkətin baş mühəndisi Devid Fuller deyib: "Bu, real vaxt rejimində “Microsoft”da komandaların zəngləri kimi operativ işləri görməyə imkan verir. Gecikmə yoxdur, videolar rəvan işləyir, səs siqnalları çox təmizdir. Siz, həmçinin bir sənəd üzərində işləyən komandanızın olduğu Office proqramlarından istifadə edə bilərsiniz. Bu, GEO ilə mümkün deyil, həmin əməliyyatı yalnız “OneWeb” ilə LEO-da yerinə yetirə bilərsiniz."
Şirkət gələcək nəsil peyklərin yaradılması ilə bağlı təklifləri ilə bu ilin sonunda sənaye müəssisələrinə müraciət edəcək. Yeni zondlar daha böyük (bəlkə də indiki 150 kiloqrama qarşı hər biri yarım ton) və daha güclü olacaq. Lakin böyük sayda satınalma ehtimalı yoxdur.
Əvvəllər “OneWeb”in minlərlə peyk buraxmağa cəhd edə biləcəyi ehtimalı var idi. Amma indiki vəziyyətdə kosmik fəzada əməliyyat bürclərinin sayı 1 mindən aşağı ola bilər.

Texnologiya 2023-03-11 15:37:00