×
A
A
A
Sazlamalar

Tunisdə Avropaya yollanan qanunsuz miqrantlara qarşı böyük əməliyyat keçirilib

Bakı, 11 mart, AZƏRTAC

Tunisin sahil-mühafizə xidməti İtaliyanın Lampedusa adasından cəmi 130 kilometr uzaqlıqda yerləşən sahilboyu ərazidə 1008 qanunsuz miqranta qarşı xüsusi əməliyyat keçirib.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, polisin dəstəyi ilə keçirilən əməliyyat zamanı Qərbi Afrika regionundan olan və İtaliyaya yollanan qeyri-leqal miqrantlar saxlanılaraq xüsusi düşərgəyə yerləşdirilib. Ağır sosial-iqtisadi böhran yaşayan Tunis hökumətinin onları öz ölkələrinə ekstradisiya edəcəyi bildirilir. Eyni zamanda, sahil mühafizəçiləri İtaliyaya yollanan 25 qayığı da müsadirə ediblər.
Qeyri-leqal miqrantların saxlanılması və ekstradisiyası haqqında göstərişin Tunis Prezidenti Kais Said tərəfindən verildiyi qeyd olunub. Beynəlxalq insan hüquqları müdafiəçilərinin bu əməliyyatın “qara miqrantlara” qarşı qanunsuzluq olduğu ittihamlarına cavab verən dövlət başçısı deyib ki, qanunsuz miqrasiya onun ölkəsinin demoqrafik vəziyyətinə də mənfi təsir edir. İrqçilik ittihamlarını da rədd edən Kais Said deyib: “Mən özüm afrikalıyam və bununla fəxr edirəm”.
Tunisin sahil-mühafizə xidməti təkcə bu həftə ərzində onlarla qanunsuz miqrantın Aralıq dənizində boğulduğu barədə məlumat yayıb. Hökumət rəsmiləri isə 12 milyon əhalisi olan ölkədə 21 mindən çox sənədsiz afrikalı miqrantın məskunlaşdığını bildiriblər.
İtaliya hökumətinin məlumatına görə, ötən il 32 minə yaxın afrikalı miqrant Tunisdən Lampedusa adasına keçib. Liviya və Tunisdən gələn minlərlə qanunsuz miqrant gəmilər vasitəsilə geri qaytarılıb.

Dünya 2023-03-11 12:47:00