×
A
A
A
Sazlamalar

Li Çian Çinin yeni Baş naziri təyin olunub

Pekin, 11 mart, AZƏRTAC

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü Li Çian Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının Dövlət Şurasının sədri (Baş nazir) vəzifəsinə təyin olunub.
AZƏRTAC xəbər verir ki, martın 11-də keçirilən plenar iclasda qanunvericilər ÇXR Sədri Si Cinpinin təklifi əsasında Li Çianın Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər. Li Çian Baş nazir kimi and içib.
1983-cü ildə Çin Kommunist Partiyasına üzv qəbul olunan Li Çian partiyada müxtəlif vəzifələr tutduqdan sonra 2013-2016-cı illərdə Cıcian vilayətinin qubernatoru, 2016-2017-ci ildə Ciansu vilayətinin partiya katibi, 2017-ci ildə Şanxay şəhərinin partiya katibi təyin olunub. Ötən ilin oktyabrında Çin Kommunist Partiyasının 20-ci qurultayında partiyanın Mərkəzi Komitəsinin Siyasi Bürosunun 7 nəfərlik daimi üzvündən biri seçilib.
Xalq Nümayəndələri Yığıncağının illik sessiyasının plenar iclasında silahlı qüvvələrin ali qanunverici orqanı olan Mərkəzi Hərbi Şuranın sədr müavinləri və üzvləri, baş prokuror, Al Xalq Məhkəməsinin sədri, Dövlət Nəzarət Komitəsinin sədri vəzifələrinə təyinatlar təsdiqlənib.
Qeyd edək ki, martın 5-də işə başlayan 14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında bütün Çin üzrə 3 minə yaxın nümayəndə iştirak edir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-03-11 09:20:00