×
A
A
A
Sazlamalar

Dövlət Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib

Bakı, 10 mart, AZƏRTAC
Ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun inkişafı, istehlakçı hüquqlarının qorunması və müvafiq sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. Dövlət və özəl şirkətlərin 120-dən çox nümayəndəsinin qatıldığı forumda Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli iştirak edib.
Dövlət Xidmətinin rəisi iştirakçıları qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Qeyd edilib ki, ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması sahəsində əhəmiyyətli işlər görülüb, geniş maarifləndirmə işləri aparılıb. Azərbaycanda yeni Rəqabət Məcəlləsinin layihəsinin hazırlandığı görüş iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu Məcəllənin qəbul edilməsi Azərbaycanda rəqabət mühiti və azad sahibkarlığın daha da inkişafına təkan verəcək.
“Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Məmməd Abbasbəyliyə klubun fəxri üzvü sertifikatını təqdim edərək dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə təşəkkürünü bildirib.
Tədbirdə iştirakçıların təklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonda “Caspian Energy Club”a yeni üzv olan şirkətlərin nümayəndələrinə sertifikatlar təqdim edilib.
Qeyd: 2002-ci ildə yaradılan “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilatdır. “Biznes-şəbəkələşmə” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Klubun Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri mövcuddur.

İqtisadiyyat 2023-03-10 15:59:00