×
A
A
A
Sazlamalar

“Şimal axını” və “Şimal axını-2” qaz kəmərləri yaxtadan partladılıbmış?

Berlin, 10 mart, AZƏRTAC

“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində təxribat “Andromeda” adlı yaxtadan törədilə bilərdi.
AZƏRTAC xəbər verir ki, bu gün Almaniyanın “Şpigel” nəşrində naməlum şəxslər qrupu tərəfindən Ryugen adasında icarəyə götürülmüş 15 metr uzunluğunda, “Bavaria Cruiser 50” tipinə aid yaxtanın fotoşəkli dərc edilib.
“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində təxribat üçün yaxtanın Almaniyada icarəyə götürülə bilməsi barədə məlumat hələ martın 7-də yayılmışdı. Bu gün isə “Şpigel” nəşrində həmin yaxtanın fotoşəkli və qısa texniki xarakteristikaları dərc edilib.
Ehtimala görə, yaxta 2022-ci il sentyabrın 6-da Almaniyanın Rostok limanından partlayış baş verən yerə istiqamət götürüb. Təxribat əməliyyatının aparılması üçün əvvəlcədən avtomobillə limana çatdırılmış avadanlıq elə həmin limanda yaxtaya yüklənib. Təhqiqatın gedişində məlum olub ki, ertəsi gün yaxta Almaniyanın Vik-Darsa kommunasında, sonra isə Bornholmdan şimal-şərqdə Danimarkanın Kristiansyö adası yaxınlığında olub.
“Alman dalğası” nəşri bildirir ki, təxribat qrupu 6 nəfərdən ibarət olub: kapitan, 2 dalğıc, 2 köməkçi və həkim. Yaxtanın icarəyə götürülməsi və Avropada sərbəst yer dəyişmək üçün saxta pasportlardan istifadə edilib. Təxribatın sifarişçisinin kim olması hələlik bildirilmir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2023-03-10 15:34:00