×
A
A
A
Sazlamalar

Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsindəki müəssisələrin fəaliyyəti ilə tanış olub

Hacıqabul, 10 mart, AZƏRTAC

Martın 10-da İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələrinə məhəllə haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərən “Uysal Ambalaj” MMC-nin müəssisəsi plastik su qabları istehsal edir. Müəssisənin qurulmasına 1,84 milyon manat investisiya yatırılıb, 10-a yaxın daimi iş yeri yaradılıb. Zavodda Yaponiya texnologiyasından istifadə edilir və ildə 350 min ədəd plastik su qabının istehsalını həyata keçirmək mümkündür.
“Az Agromila” MMC-nin maye, toz, gel, yarpaq gübrələri istehsalı müəssisəsinin yaradılmasına isə 1,5 milyon manat investisiya qoyulub və 12 iş yeri yaradılıb. İllik 6 min ton gübrə istehsal etmək gücünə malik olan zavodda Türkiyə texnologiyasından istifadə edilir.
Sənaye müəssisəsində plastik tara istehsalını həyata keçirən “Plasttech” MMC-nin qurduğu müəssisəyə 1,2 milyon manat investisiya yatırılıb, 5 iş yeri yaradılıb. Zavod ildə 600-900 ton plastik tara istehsal etmək gücündədir.
Daha sonra media nümayəndələri Sənaye Məhəlləsinin Rusiya kapitallı rezidenti olan "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələri istehsalını həyata keçirəcək müəssisəsində gedən tikinti işləri ilə tanış olublar.

Regionlar 2023-03-10 14:59:56