×
A
A
A
Sazlamalar

UNEC-də ARDNF əməkdaşlarının iştirakı ilə növbəti infosessiya keçirilib

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) universitetlərlə iş birliyi çərçivəsində “Dəyişən dünyada sərvətin səfərbər edilməsi” başlığı ilə keçirdiyi növbəti infosessiya UNEC - Azərbaycan Dövlət İqtisad Universitetində baş tutub.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, Fondun İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin treyderi Günel Musayevanın moderatorluğu, Risklərin idarəedilməsi departamentinin Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsinin müdiri Toğrul Rəhimbəyli, İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinin müdiri İqrar İsgəndərovun iştirakı ilə keçən ilk sessiyada tələbələrə ARDNF-nin investisiya portfeli, fəaliyyəti, maliyyə bazarlarında baş verən dalğalanmalar və cari vəziyyət haqqında ətraflı məlumat verilib.
Fondun Risklərin idarəedilməsi departamentinin Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin aparıcı təhlilçisi Agil Ömərov isə çıxışında suveren sərvət fondları, keçən ilin noyabr ayında ARDNF-nin ev sahibliyi ilə Bakıda keçirilmiş Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun 14-cü illik iclası və bu çərçivədə hazırlanmış “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi – Bakı çıxarışları” başlıqlı tədbirin icmal hesabatı barədə danışıb.
Tədbirin ikinci sessiyasında İnsan resursları departamentinin aparıcı mütəxəssisi Fuad Mirzəyev Fondun işə qəbul prosedurları və “Təhlilçi Məzun-2023” təcrübə proqramı mövzusunda təqdimatla çıxış edib.
İştirakçılar arasında yer alan, bakalavr təhsilini Maliyyə və mühasibatlıq fakültəsi üzrə tamamlamış UNEC məzunu və “Təhlilçi Məzun-2022” təcrübə proqramının iştirakçısı olmuş Fuad İsgəndərov da Fondla bağlı təcrübəsini tələbələrlə bölüşüb. Qeyd edək ki, Fuad İsgəndərov keçən ilin avqust ayından etibarən Fondun İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsində treyder vəzifəsində çalışır və hazırda UNEC-də magistr dərəcəsi üzrə maliyyə təhsilini davam edir.
Tələbələrin suallarını cavablayan Fond əməkdaşları onlara tövsiyələr veriblər.

İqtisadiyyat 2023-03-10 14:23:00