×
A
A
A
Sazlamalar

Həqiqi hərbi xidmətə çağırılmış işçi ilə əmək müqaviləsi hansı şəkildə ləğv edilə bilər?

Bakı, 10 mart, AZƏRTAC

Həqiqi hərbi xidmətə çağırılmış işçi ilə əmək müqaviləsi hansı şəkildə ləğv edilə bilər?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv edilməsinin əsasları müəyyən olunub. Məcəlləyə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilən hallardan biri kimi işçinin hərbi və ya alternativ xidmətə çağırıldığı göstərilib. Çünki fərdin hərbi xidmətə çağırılması əmək müqaviləsinin tərəfləri olan işçi və işəgötürənin iradə və istəyindən asılı hal deyil.
Təcrübədə işçi hərbi xidmətə çağırıldığı hallarda əmək müqaviləsinə doğru əsasla xitam verilmədiyinə də rast gəlinir ki, bu da işçinin bir sıra hüquqlarının pozulmasına gətirib çıxardır. Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə “tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq” əsası ilə xitam verildiyi zaman işəgötürən tərəfindən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödənilməlidir.
Bundan əlavə, Əmək Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Göründüyü kimi, əmək müqaviləsinə müvafiq əsasla xitam verilməməsi işçinin müavinət əldə etmək hüququnu pozmaqla yanaşı, həm də onun hərbi xidmətdən qayıtdıqdan sonra işinə bərpa olunmaq hüququnun da pozulmasına səbəb olur. Bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti tərəfindən gəlmiş çağırış vərəqəsinin surəti əlavə edilməklə işçi ərizə ilə müraciət etməli və işəgötürən tərəfindən verilmiş əmr nəticəsində əmək müqaviləsinə xitam verilməlidir.
Sonda onu da qeyd edək ki, Vergi Məcəlləsinə görə, işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

İqtisadiyyat 2023-03-10 11:38:00