Maliyyə resurslarına əlçatanlığın artırılması məqsədilə sahibkarlarla görüş keçirilib
Bakı, 10 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Özəl sektorun inkişafı layihəsi” çərçivəsində Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasi ilə “Kapital Bank” arasında biznes dialoq reallaşdırılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, aqrar sahibkarlığın dəstəklənməsi və maliyyə resurslarına əlçatanlığın artırılması məqsədilə keçirilən görüşdə giləmeyvə istehsalı və ixracatçılarına bank məhsulları haqqında məlumat verilib.
Tədbiri açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə ticarət-maliyyə alətlərinin Azərbaycanın qeyri-neft ixracı üçün önəmini vurğulayıb. Həmçinin 2022-ci ildə aqrar və aqrar-sənaye məhsullarının qeyri-neft ixracında mövqeyi haqqında məlumat verib, həmin sahəni təmsil edən fermerlərin bank məhsullarından istifadə fəallığı haqqında fikirlərini bölüşüb.
Görüşdə “Kapital Bank” ASC tərəfindən ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, kredit məhsulları, ixrac fəaliyyətinə istiqamətlənən kreditlər və sair haqqında sahibkarlara məlumat verilib.
Tədbirin əsas hissəsi fermerlərin suallarının cavablandırılmasına həsr edilib. Fermerlərin ixracı dəstəkləyən bank alətləri və gömrük prosedurları haqqında sualları interaktiv qaydada cavablandırılıb.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi mütəmadi olaraq sahibkarlıq subyektlərinin maarifləndirilməsi və aidiyyəti təşkilatlarla birbaşa görüşlərinin təşkil edilməsi istiqamətində tədbirlər həyata keçirib.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir