×
A
A
A
Sazlamalar

MDU-da kitab təqdimatı: “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş”

Bakı, 10 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı kitabın təqdimatı keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasovun müəllifliyi ilə yazılmış kitabın təqdimatında MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbələr və magistrantlar iştirak ediblər.
Tədbirin açılışında kitabın mövzusunun aktuallığından danışan MDU-nun rektoru Şahin Bayramov son dövrdə ölkəmizdə bərpa olunan enerji ehtiyatlarından istifadəyə marağın artdığını və bu sahənin inkişafı ilə əlaqədar dövlət tərəfindən sistemli və kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Bu baxımdan kitabın mühüm elmi-nəzəri, tədris-metodiki və praktik əhəmiyyət kəsb etdiyini qeyd edən rektor dərsliyin mühəndis kadrların hazırlığını həyata keçirən MDU-da da tələbə və müəllimlər üçün faydalı olacağını vurğulayıb.
Kitabın sadə dildə və anlaşıqlı elmi üslubda yazılmasını, mövzuların infoqrafik təsvir edilməsini, fəsillərin sonunda tapşırıq və sualların, istifadə olunmuş ədəbiyyat siyahısının verilməsini müsbət dəyərləndirən Ş.Bayramov bütün bunların dərsliyin daha geniş auditoriya tərəfindən dərindən mənimsənilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
Ölkənin inkişaf strategiyasından irəli gələrək, dayanıqlı inkişaf və “yaşıl enerji” mövzularının universitetdə tədris və tədqiqat prioritetlərinə daxil edildiyini diqqətə çatdıran Ş.Bayramov təqdim olunan kitabın bu istiqamətdəki fəaliyyətlərə də töhfə verəcəyinə əminliyini ifadə edib. Rektor Azərbaycanda bərpa olunan enerji mühəndisliyi üzrə Elm və Təhsil Nazirliyinin qrifi ilə çap olunmuş sözügedən ilk universitet dərsliyinin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və kitabın bir neçə nüsxəsinin MDU-ya hədiyyə edilməsinə görə təşəkkür edib.
Sonra kitabın ayrı-ayrı bölmələri üzrə məruzələr dinlənilib. MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev “Gələcəyə baxış. Ənənəvi enerji və ondan istifadə problemləri”, Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova “Günəş enerjisi, geotermal enerji”, Energetika kafedrasının müdiri Ülkər Aşurova “Külək enerjisi, yaşıl hidrogen enerjisi, kiçik su elektrik stansiyaları” və Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva “Dayanıqlı inkişaf və bərpa olunan enerji problemləri” adlı bölmə haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, kitabın yazılmasında əsas məqsəd, müəlliflərin qeyd etdiyi kimi, oxucularda bərpa olunan enerji ehtiyatları, onlardan istifadə və bu sahədə müasir problemlər haqqında müfəssəl baza bilikləri yaratmaq olub. Müzakirələrdə müəlliflərin öz məqsədlərinə çatdığına əminlik ifadə edilib.
Təqdim olunan dərslik iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Regionlar 2023-03-10 01:09:00